XƏBƏR VƏ ELANLAR

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza qaydaları.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə xarici ölkə vətəndaşlarının qəbulu təhsil vizası əsasında həyata keçirilir. Əcnəbi vətəndaş yaşadığı ölkədəki Azərbaycan Respublikasının müvafiq səfirliyinə müraciət edərək təhsil vizasını əldə edə bilər. (Azərbaycanla vizasız rejim https://www.mfa.gov.az/en/category/viza/vizasiz-gedis-gelis-rejimi-tetbiq-olunan-olkeler tətbiq edən ölkələrin vətəndaşları istisna olmaqla).

ASAN Viza:

  • “ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
  • Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilmişdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evisa.gov.azinternet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
  • 2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
  • Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.

Elektron viza veriləcək ölkələrin siyahısı (https://evisa.gov.az/az/countries ).

Qeyd: Vizanın verilməsi üçün akademiyanın rəsmi dəvət məktubu tələb edildiyi halda Beynəlxalq Əlaqələr  Şöbəsi ilə əlaqə saxlayın.

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
* Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

* Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində)elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri, elektron hökumət portalı və elektron poçt (qeydiyyat@migration.gov.az ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud “ASAN xidmət” mərkəzlərinə müraciət edilməlidir.

* Tələb olunan sənədlər:                                                                                    

– ərizə anket;

– əcnəbinin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).

* Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Milli Aviasiya Akademiyasına qəbul olduqdan sonra əcnəbilər  və  vətəndaşlığı  olmayan tələbələr Azərbaycan  Respublikasının ərazisində müvəqqəti  yaşamaq  icazəsinin  alınması  (müddətinin uzadılması)  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  • doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
  • müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd
  • Miqrasiya Məcəlləsinin 45.1.1-ci (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) və 45.1.5-ci (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda) maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;(insanın immunçatışmazlığı virusu infeksiyası, B və C hepatitləri təhlükəli yoluxucu xəstəlikləri)
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
  • iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
  • 3,5×4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu Məcəllənin 47.5-ci maddəsində (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır) nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir.

 MAA-nın beynəlxalq əlaqələr şöbəsi sizə miqrasiya ilə bağlı bütün məsələlərdə öz köməkliyini göstərəcək. Miqrasiya ilə bağlı bütün xərclər sizin tərəfinizdən ödənilir. Hər hansı bir gecikmənin və cərimələrin qarşısını almaq üçün tələb edilən bütün sənədləri vaxtında hazırlamalısınız.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin