“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində 1 iyun 2022-ci il tarixində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dünyaya nə sözünüz var uşaqlar” adlı tədbir keçirildi. Tədbirdə Şöhrət ordenli təyyarəçi Əzimbala Əzimov, ikinci Qarabağ müharibəsi iştirakçı Əliqismət Hətəmov,tələbələr və Suraxanı rayonu 317 saylı və Xətai rayonu 245 saylı orta məktəbinin şagirdləri iştirak etdi. Tədbr Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Əməkdar mədəniyyət işçisi, muzeyin direktoru Firəngiz Hüseynova tədbiri açaraq,uşaqları bayram münasibətilə təbrik etdi .Daha sonra uşaqlar respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş akademiyanın şəhid məzunlarının xatirəsini yad edərək, şəkilləri önünə qərənfillər düzdülər. Sonra Ulu öndər Heydər Əliyevin uşaqlar haqqında dediyi sözlərdən ibarət videoçarx təqdim olundu. Tədbirin davamında təyyarəçi Ə.Əzimov və akademiyanın tələbə gənclər təşkilatının sədr əvəzi Əkbər Əkbərov öz çıxışlarında uşaqlarını təbrik edərək, gələcək təhsillərində uğurlar arzuladılar.
Bayram tədbirinin bədii hissəsində şagirdlərin hazırladıqları şeirlər, musiqi və rəqs nömrələri nümayiş olundu. Daha sonra uşaqlar akademiyanın Pilotların Hazırlığı Mərkəzini ziyarət edərək, Airbus A319/320, Boeing 757/767, Embraer E190, ATR 42/72 təyyarələrinin trenajorları ilə tanış oldular. Tədbirdə akademiyanın aviamodelizm dərnəyində hazırlanmış aviamodellərin ən yaxın məsafədən uçuş-şousunun nümayişi böyük coşqu yaradaraq, əsl bayram ab-havasını hiss etdirdi.
Tədbirin yekununda iştirakçılar tərəfindən şarlar səmaya buraxıldı və onlara «Boeing-787-8” Dreamliner modelinin suvenirləri hədiyyə edildi.
Foto Galereya