XƏBƏR VƏ ELANLAR

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş

23 aprel 2024-cü il tarixində Milli Aviasiya Akademiyasında (MAA) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AHY” QSC) nümayəndələri ilə geniş miqyaslı görüş keçirilmişdir. Görüş Akademiyanın strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi baxımından maraqlı tərəflərlə təşkil olunan tədbirlər silsiləsindəndir.

Görüşdə MAA-nın rəhbər heyəti, dekanlar, kafedra müdirləri, müxtəlif struktur bölmələrin rəhbərləri, aparıcı mütəxəssislər, həmçinin “AHY” QSC-nin İnsan Resursları İdarəsinin, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS), “AZALOil” Yanacaq-Sürtkü Materialları İdarəsinin (“AZALOİL”) və “AHY” Sərnişin Aviasiya Şirkətinin (“AHY” SAŞ) rəhbər heyəti, eləcə də AHY strukturuna daxil olan digər qurumların nümayəndələri iştirak etmişlər.

“AHY” QSC Akademiyanın təsisçisi və məzunların əsas iş təminatçısı olmaqla, MAA üçün ən mühüm və maraqlı tərəfdaşlardandır. Müzakirələr MAA ilə “AHY” QSC arasında mövcud işbirliyinin daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində aparılmışdır. Başlıca məqsəd kimi ixtisasların təhsil və təcrübə proqramlarının istehsalatın perspektiv tələblərinə uyğunlaşdırılması, mütəxəssis hazırlığı ilə istehsalat arasında boşluqların müəyyən edilərək aradan qaldırılması, laborator-praktik bazanın gücləndirilməsi, orta və kiçik aviasiya mütəxəssislərinin hazırlanması, tələbələrin oxuduqları müddətdə işə cəlb olunması və bu kimi bir sıra digər məsələlərdə “AHY” QSC-nin rəy, təklif və fikirlərinin öyrənilməsi olmuşdur. Qarşılıqlı geniş və hərtərəfli müzakirələr formasında keçən görüşdə işbirliyinin 10-dan artıq müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi razılığı əldə edilmiş, fəaliyyətlər üzrə yol xəritəsinin hazırlanması və bu cür görüşlərin işçi qaydada mütəmadi olaraq keçirilməsi kimi mühüm qərarlar verilmişdir.

MAA öz fəaliyyəti ilə əlaqəli bütün xarici maraqlı tərəflərlə mütəmadi olaraq görüşlər keçirməyi planlaşdırır. Hesab edirik ki, bu görüşlər və MAA-nın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətidə görülən bütün tədbirlər ölkəmizdə sənaye və təhsil müəssisələri arasında əlaqə və münasibətlərin yeni müstəviyə çıxmasına təkan vermiş olacaqdır.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin