XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasının tələbələri “Ədibin Evi”ndə

İstedad və insanlıq bir-birini tamamlayırsa, əbədiyyat qapıları açıq olacaq! Böyük yazıçı, alim, pedaqoq, xeyirxah əməlləri ilə əbədiyaşar Mir Cəlal Paşayev hər zaman olduğu kimi doğum günündə də evinin qapılarını doğmalarının, dostlarının, qonaqlarının, üzünə açmışdı. “Ədibin Evi”ndə bu müqəddəs ocağın ilk doğulan sakini, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin dəstəyi ilə Mir Cəlal Paşayevin 116-cı ildönümünə həsr olunan tədbir keçirildi. Tədbiri açıq elan edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qonaqları salamladı. Tədbirdə çıxış edən evin doğma sakini, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev atası ilə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, görkəmli yazıçı Mir Cəlal Paşayev Bakının ürəyi İçərişəhərdə yerləşən bu evdə yaşayıb, yazıb, yaradıb. Mir Cəlal dəsti-xətti müasir dövrün çağırışlarına uyğun yazılıb. Hər zaman Vətənini, millətini sevən, milli-mənəvi dəyərləri önə çəkən Mir Cəlal Paşayevin əsərləri bu gün də gənclərə nümunədir. Professor Hafiz Paşayev evin muzeyə çevrilməsi ideasından da danışdı. Qeyd etdi ki, bu evin qapıları hər zaman Mir Cəlalın ədəbiyyat dostlarının, mədəniyyət xadimlərinin üzünə açıq olub. Onlar bu evə toplaşaraq dövrün aktual mövzularını müzakirə ediblər, yeni-yeni idealar, əsərlər yaradıblar. “Ənənəni davam etdirmək üçün Arif müəllimlə bu evin muzeyə çevrilməsi barədə qərara gəldik”. Artıq 2017-ci ildən etibarən ədəbiyyat, mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Milli Aviasiya Akademiyasının (MAA) prorektoru, texnika elmləri doktoru, professor Ədalət Səmədov Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən danışdı. Sonra tədbir ənənəyə uyğun olaraq Mir Cəlalın tələbəsi Xalq şairi, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, professor Nəriman Həsənzadənin açıq dərsi ilə davam etdi. Əvvəlcə öz çıxışında Mir Cəlalın tələbələrinə böyük inamı və dəstəyindən söz açan Xalq şairi Nəriman Həsənzadə bildirdi ki, yazıçının hər bir tələbəsi onu həmişə xoş xatirələrlə yad edir. Açıq dərs çərçivəsində MAA-nın tələbələri Mir Cəlal Paşayevin xatirəsinə həsr olunan şeir və musiqilər səsləndirib, görkəmli yazıçının ədəbi yaradıcılığından səhnələr canlandırıblar. Mir Cəlalın tələbələrindən biri, Bakı Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı Tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Təhsin Mütəllimov ədibin zəhmətkeşliyindən, müəllimlik fədakarlığından söhbət açdı. Vurğuladı ki, Mir Cəlal Paşayev yaradıcılığı ilə ədəbiyyatın, təhsilin inkişafına böyük töhfələr verib. Milli Məclisin deputatı, akademik, filologiya elmləri doktoru, professor Nizami Cəfərov öz çıxışında bildirdi ki, Mir Cəlal Paşayev Azərbaycan elminə, ədəbiyyatına, müstəsna xidmətlər göstərib və hər zaman tələbələrinə dəstək olub. Tədbirin təşkilatçısı, Milli Aviasiya Akademiyası rektorunun köməkçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin salamlarını və ürək sözlərini iştirakçılara çatdırdı. Gülnarə Əhmədova, akademik Arif Paşayevin görkəmli ədib haqqında xatirələrini bölüşdü. Həmçinin Arif Paşayev adından “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevaya xatirə hədiyyələri təqdim etdi. Tədbir əməkdar artist Lalə Məmmədovanın ifası ilə yekunlaşdı.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin