XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasının nümayəndələri “Azərkosmos”-un Kosmik Akademiyasının elmi yığıncağında iştirak edib

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyada elmi yığıncaq keçirilib. Tədbirdə 14-18 oktyabr 2024-cü il tarixlərində İtaliyanın Milan şəhərində keçirilmiş 75-ci Beynəlxalq Astronavtika Konqresinin nəticələri və 29 sentyabr – 3 oktyabr 2025-ci il tarixlərində Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işləri müzakirə edilib. “Dayanıqlılıq naminə kosmik məsuliyyət” çağırışı altında keçirilmiş 75-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində əldə olunan böyük uğurlar qeyd edilib. Azərbaycan Milli Elmi Komandasının 52 üzvü Milan şəhərində 92 sayda elmi nəticələrini beynəlxalq auditoriyaya təqdim edib. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çinin sırasında ilk beşlikdə yer alıb. Milli Aviasiya Akademiyası Konqresdə Milli Elmi Komandamızı 9 iştirakçı və 8 elmi məqalə ilə təmsil edib.
 
Tədbirdə “Azərkosmos” – un İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov qeyd edib ki, Konqres kosmik tədqiqatlar sahəsində qlobal şirkətlərin təmsilçilərini, rəhbərliklərini, tədqiqatçıları və innovatorları bir araya gətirən ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir. Milli Aviasiya Akademiyasının Birinci prorektoru Ədalət Səmədov Aviasiya Akademiyasının “Azərkosmos”la həyata keçirdiyi birgə layihələrdən, Kosmik Şuranın fəaliyyətindən, 74-cü və 75-ci Beynəlxalq Astronavtika Konqreslərində Milli Aviasiya Akademiyasının iştirakından, Kosmik Akademiya ilə əməkdaşlıq çərçivəsində 76-cı Konqresə hazırlıqlardan və digər məsələlər barədə iştirakçılara məlumat verdi. Elmi yığıncaqda 76-cı Beynəlxalq Astronavtika Konqresində ölkəmizin iştirak konsepsiyası açıqlandı. Bildirildi ki, 29 sentyabr – 3 oktyabr 2025-ci il tarixlərində Sidneydə keçiriləcək 76-cı Konqresdə Azərbaycanı Milli Elmi Komandamız təmsil edəcək. Bu ilki konqresin əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” olacaq və bu mövzu kosmos yenilikləri ilə dayanıqlılıq arasındakı əlaqəni araşdıracaq. Mövzu üç əsas sahəyə fokuslanacaq: Yer üçün kosmos əsaslı tətbiqlər; dayanıqlı kosmos fəaliyyətləri və Yerdən kənarda həyatın davam etdirilməsi. Sidney Konqresində təqdim olunacaq elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edəcək.”

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin