HAQQIMIZDA
Milli Aviasiya Akademiyası
Milli Aviasiya Akademiyası 1992-ci ildə “Milli Aviasiya Mərkəzi” kimi yaradılmışdır. 1994-cü ildə “Milli Aviasiya Mərkəzi” Milli Aviasiya Akademiyası adlandırılmışdır.
1996-cı ildən etibarən Milli Aviasiya Akademiyasına Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Arif Mir Cəlal oğlu Paşayev rəhbərlik edir.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin («AZAL» QSC) Milli Aviasiya Akademiyası (MAA) bu gün Azərbaycanın strateji əhəmiyyətə malik aerokosmik sahəsini, o cümlədən mülki aviasiyanı və bir sıra digər sahələri beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir.
MAA-nın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Təhsil haqqında» və «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) əmrləri, sərəncamları, qərarları, normativ-hüquqi sənədləri, Azərbaycanın Aviasiya Qaydaları, «AZAL» QSC prezidentinin əmr, göstəriş və sərəncamları, «AZAL» QSC-nin və MAA-nın Nizamnamələri, Ali Təhsil Müəssisələrinin nümunəvi Nizamnaməsi ilə tənzimlənir. Eyni zamanda MAA öz fəaliyyətində ICAO, DAK və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən qəbul edilmiş qaydaları, standartları, tövsiyə etdikləri təcrübəni və prosedurları, Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyi (EASA) ilə bağlanmış işçi sazişdən irəli gələn öhdəlikləri rəhbər tutur.
Akademiyanın infrastrukturu
- 5 tədris-laboratoriya korpusundan ibarət kompleks
- Təlim Mərkəzi və tərkibində Trenajor kompleksi
- Elm-İstehsalat Birliyi
- Tələbə yaradıcılıq evi
- Tələbə şəhərciyi
- Tələbə Tədris Mərkəzi
- Tələbə parkı
- Aviasiya Tarixi Muzeyi
- Kitabxana informasiya şöbəsi
- İdman kompleksi
- Fitnes zalı
- Otel «Akademiya»
- Gözəllik salonu
- Yeməkxana, kafe, tibbi-sanitar məntəqəsi, müxtəlif təyinatlı iaşə, xidmət, istirahət obyektləri, marketlər, avtomobil dayanacağı və s.
MAA-nın tədris strukturu
- Tədris şöbəsi
- Magistratura və doktorantura şöbəsi
- 6 fakültə
- 23 kafedra
- Uçuş aparatlarının işlənib hazırlanması laboratoriyası

MAA-nın ixtisasları:
Bakalavriat üzrə
23
Magistratura üzrə
17
Doktorantura üzrə
12
MAA-da ali ixtisas təhsilinin əsas hazırlıq istiqamətləri aşağıdakılardır:
- • müasir təyyarə və helikopterlərin uçuş istismarı üzrə pilotların,
- • havada hərəkəti idarə edən dispetçerlərin və aeronaviqasiya təminatı mühəndislərinin,
- • aerokosmik texnikanın, aviasiya və raket mühərriklərinin layihələndirilməsi, istehsalı, sınaq və istismar texnologiyaları, uçuş aparatlarının və aviasiya mühərriklərinin texniki istismarı, avionika və idarəetmə sistemləri üzrə mühəndislərin,
- • elektronika, radiotexnika, telekommunikasiya, aerokosmik cihazlar üzrə mühəndislərin,
- • aerokosmik monitorinq, hidrometeorologiya, ekologiya üzrə mühəndislərin,
- • aerokosmik informasiya texnologiyaları, proqramlaşdırma, uçuşlara avtomatlaşdırılmış nəzarət sistemləri üzrə mühəndislərin,
- • sərnişin və yük daşımalarının idarə edilməsi, hava limanlarının, terminalların, logistik mərkəzlərin istismarı, nəqliyyat sisteminin təhlükəsizliyini təmin edən mütəxəssislərin hazırlığından ibarətdir.