Hörmətli tələbələr,
Sizi Silk Way West Airlines tərəfindən COP29 çərçivəsində təşkil olunan “Hava limanı Sənayesində Davamlı inkişaf və Yaşıl Texnologiyalar üzrə Tələbə İnnovasiyaları” mövzusunda unikal müsabiqədə iştirak etməyə dəvət edirik.
Bununla siz komanda şəklində işləyərək ekoloji davamlılıq və hava limanının layihələndirilməsində, inşasında və idarəçiliyində yaşıl texnologiyalarla bağlı innovativ ideyalarınızı və layihələrinizi təqdim etmək imkanı əldə edirsiniz.
Tədbirdə müasir ekoloji çağırışları və həll yollarını müzakirə etmək üçün platforma təqdim ediləcəkdi. Burada siz və komandanız öz istedadınızı nümayiş etdirərək, Ələt Azad İqtisadi Zonasında “yaşıl hava limanı”nın yaradılmasına töhfə verə biləcəksiniz.
Sizdən gözlənilir:
- Komandanın formalaşdırılması və layihənin təqdim edilməsi: 4-5 tələbədən ibarət komandalar yaratmalı, birgə ideya və təqdimatlar hazırlayaraq, layihənizi 5 noyabr 2024-cü il tarixinədək contest@swfz.az ünvanına göndərməlisiniz.
- Layihənin təqdimatı: Ən yaxşı layihələrin təqdim olunması üçün komanda üzvləri COP29 çərçivəsində Silk Way West Airlines şirkətinin stendində keçiriləcək təqdimata dəvət olunacaqlar və hava limanı sənayesində davamlı inkişaf və yaşıl texnologiyalar sahəsində öz ideya və innovativ təkliflərini təqdim edə biləcəklər.
- Mükafatlandırma mərasimi: Qaliblər 18 noyabr 2024-cü il tarixində Silk Way West Airlines stendində elan ediləcək. Qaliblər mükafat və hədiyyələr ilə təltif olunacaqlar.
Müsabiqənin sizə təqdim etdiyi xüsusi imkanlar:
- Komanda şəklində işləyərək gələcəkdə həyata keçirilə biləcək ideyalar yaratmaq və bu sahədə sənaye liderlərindən rəy almaq,
- Peşəkar əlaqələrinizi genişləndirmək və potensial tərəfdaşlarla tanış olmaq,
- Hava limanı sənayesində innovativ və davamlı həllərin inkişafına öz töhfənizi vermək,
- Ən istedadlı namizədlər gələcək iş imkanları üçün Silk Way West Airlines şirkətində nəzərdən keçiriləcək.
Təqdimat formatı üzrə təlimatlar:
- Maksimum 10-12 slayddan ibarət Microsoft PowerPoint (PPT) formatında hazırlanmalıdır.
- Təqdimatın özü ingilis dilində hazırlanmalıdır, lakin onu ingilis və ya azərbaycan dillərindən birində təqdim edə bilərsiniz.
Təqdimatın strukturu:
Başlıq slaydı – Layihə başlığı, komanda üzvlərinin adları qeyd olunmalıdır.
Giriş – Üzərində işlədiyiniz layihə və ya təşəbbüsün qısa icmalı və onun əhəmiyyəti (məsələn, hava limanı sənayesində yaşıl texnologiyalarla bağlı çağırışlar).
Məqsəd – Layihənizin məqsədini (əgər bir neçə məqsəd varsa hamısını) aydın şəkildə qeyd edin.
Layihənin təsviri – Dayanıqlı inkişaf və hava limanı sənayesində yaşıl texnologiyalar sahəsində mövcud problemləri və boşluqları təsvir edin.
İnnovativ həll – Təklif etdiyiniz ideya və ya həlli təqdim edin və onun innovativ tərəflərini izah edin (diaqramlar, vizuallar istifadə edin).
Realizasiya mövcudluğu – Təklif etdiyiniz həllin nə dərəcədə real və “tətbiq oluna bilən” olması haqqında məlumat verin. Texnoloji, maliyyə və əməliyyat aspektlərini nəzərə alın.
Ekoloji təsir – Həllinizin müsbət ekoloji təsirini vurğulayın.
Nəticə – Əsas nəticələri ümumiləşdirin və layihənizin yenilikçi aspektlərini bir daha vurğulayın.
Fəaliyyətə çağırış – Layihənizin həyata keçirilməsi üçün növbəti addımları və ya potensial tətbiq sahələrini təklif edin.
- Vaxt təlimatları: Hər təqdimat təxminən 10-15 dəqiqə davam etməlidir, ona görə də məzmunu bu müddətdə təqdim edə biləcəyinizə əmin olmaq üçün məşq edin.
- Təqdimatın göndərilməsi: Hazır təqdimat PPT və ya PDF formatında 5 noyabr 2024-cü il tarixinədək contest@swfz.az ünvanına göndərilməlidir. Müraciət məktubunda layihənin qısa təsviri və komandanın məsul şəxsinin əlaqə nömrəsi qeyd olunmalıdır.
Gələcəyin hava limanının qurulmasında iştirak edin və zəngin karyera perspektivlərinə doğru addım atın. İdeyalarınızı təqdim edərək yaşıl hava limanının inşasına vacib töhfə verin.