Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elmi Tərəqqi Fondu”nun elmi-tədqiqat layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üzrə 2021-ci il üçün müsabiqə haqqında
E L A N
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elmi Tərəqqi Fondu” (bundan sonra – Fond) Azərbaycan Respublikasında neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual təbiət və texnika elmləri sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini dəstəkləmək, Milli Aviasiya Akademiyasında (bundan sonra MAA) və/və ya MAA ilə əməkdaşlıq edən elmi-tədqiqat və tədris müəssisələrində fəaliyyət göstərən alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə 2021-ci il üçün müsabiqə
E L A N E D İ R
- Fondun fəaliyyəti aşağıdakı elm sahələrini əhatə edir:
- Yer elmləri;
- Fizika-texnika elmləri;
- Aşağıdakı prioritet istiqamətlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcəkdir:
- neftqazçıxarmada riyazi modelləşdirmə, diaqnostika, nəzarət və idarəetmə sistemləri;
- dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi;
- ənənəvi və qeyri ənənəvi karbohidrogen yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin yeni texnologiyalarının və Azərbaycanın neft-qaz kompleksinin ehtiyat bazasının inkişaf proqnozu;
- quruda və dənizdə neft-qaz əməliyyatlarının keçirilməsi zamanı ətraf mühitin qorunması;
- neft-qaz yataqlarının neftveriminin artırılmasında innovativ texnolojiyaların tətbiqi;
- neft sənayesində olan problemlərin həllində nanotexnologiyaların tətbiqi;
- neft quyu və avadanlıqlarında parafin, qətran, asfalten və qum çökmə problemləri;
- quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robototexnika və dronlardan istifadə;
- neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemləri.
- Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (müsabiqə növünün kodu: ET) nominasiyası üzrə keçirilir.
- Müsabiqədə ancaq MAA-nın əməkdaşları və ya onlarla birgə layihədə çalışan SOCAR-ın işçiləri iştirak edə bilərlər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.
- Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 2021-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fondun Müsabiqə Komissiyasında qəbul edilir. Layihələr müəyyən olunmuş formaya uyğun tərtib olunaraq digər sənədlərlə birlikdə Fondun Müsabiqə Komissiyasına (Ünvan: AZ-1045, Bakı şəhəri, Mərdəkan pr. 30, Milli Aviasiya Akademiyası) layihə rəhbəri tərəfindən birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə təqdim olunmalıdır. Müsabiqə ilə əlaqədar əlavə məlumatları Müsabiqə Komissiyasına (tel.: (012)4972632; e-mail: yashar.baghirov@naa.edu.az) müraciət etməklə əldə etmək olar.
- Müsabiqədə iştirakın xüsusi şərtləri:
- Fondun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər;
- layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqədə iştirak edə bilər: bir layihə üzrə layihə rəhbəri, digər layihə üzrə isə icraçı qismində müsabiqədə iştirak etmək olar;
- layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə MAA və ya SOCAR-la əmək münasibətində olmalıdır;
- bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və içraçılar) ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Yalnız İdarə Heyətinin qərarı ilə layihə iştirakçılarının sayı artırıla bilər.
- Aşağıdakı hallarda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur:
- müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;
- digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;
- layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;
- tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.
- Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.
- Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);
- layihənin xərclər smetası (Forma 3);
- layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);
- layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış.
Ərizə və məlumat formalarının nümunələrini MAA-nın www.naa.edu.az saytlarından əldə etmək olar.
- Ərizənin (Forma 1), ərizəyə əlavə olunan sənədlərin (Formalar 2-4) və digər müşayiətedici materialların elektron variantının kağızda olan varianta tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır.
- Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir.
- Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün Fondun İdarə Heyətinə təqdim edir.
SOCAR-ın “Elmi Tərəqqi Fondu”nun İdarə Heyəti