XƏBƏR VƏ ELANLAR

Təhsil Tələbə Krediti (TTK) barədə elan

Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə AR Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilmişdir.

Təhsil Tələbə Kreditinin (TTK) ayrılmasında məqsəd təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

Ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində əyani təhsil alan ödənişli tələbələr TTK almaq hüququna malikdirlər.

TTK-nın sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər və onlara kreditlər güzəştli şərtlərlə verilir.

Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:

  1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  2. 3-cü dərəcə əlilliyi olanlar;
  3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
    • 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
    • işsiz kimi qeydiyyatda olanlar;
    • yaşa görə əmək pensiyası alanlar;
    • yaşa görə sosial müavinət alanlar.

 

Sosial TTK almaq hüququ olmayan, eləcə də aşağıdakı şərtləri təmin edən tələbələr bu hüquqdan istifadə edə biləcəklər:

  1. Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
  2. Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.

 

Fondun Himayəçilik Şurası tərəfindən birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddi aşağıdakı kimi  təsdiq edilmişdir:

  • bakalavriat pilləsi üçün 300-700 bal aralığı;
  • magistratura pilləsi üçün 50-100 bal aralığı;

 

Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.

İstifadəçi Təlimatı

TTK Sual-Cavab

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin