XƏBƏR VƏ ELANLAR

2 iyun 2022-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Mülki Aviasiya işçilərinin peşə bayramı gününə və “Teknofest Azərbaycan 2022” festivalında Milli Aviasiya Akademiyasının iştirakına həsr olunmuş tədbir keçirildi.

Tədbirin əvvəlində Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin tədbir iştirakçılarına salamı təqdim olundu. Sonra Dövlət Himni səsləndirildi.

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti İlham Əmirov Mülki Aviasiya işçilərinin peşə bayramı münasibətilə çıxış etdi. İlham Əmirov Azərbaycanın strateji əhəmiyyətli Mülki Aviasiyasının qısa tarixi, Ulu Öndər Heydər Əliyevin mülki aviasiyanın inkişafına verdiyi töhfə, Cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı haqqında danışdı. Mülki aviasiyanın tarixinə həsr olunmuş film nümayiş etdirildi.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Teknofest Azərbaycan 2022” festivalının əhəmiyyəti, festivalın Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olması, həmçinin təşkilatçılar və tərəfdaşlar, müsabiqələr, iştirakçılar və ziyarətçilər, nəticələr və perspektivlər haqqında geniş məlumat verdi.

Təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin bütün pillələrində dövlətimizin müasir  texnologiyaların öyrənilməsinə və tətbiqinə istiqamətlənmiş siyasəti, yeni proqramlar, proqnozlar, gözlənilən nəticələr, eləcə də “Teknofest Azərbaycan 2022” festivalının Azərbaycan məktəblilərinin, tələbə və gənclərin inkişafına verdiyi töhfə barədə tədbir iştirakçılarına məlumat verdi.

Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov Akademiyanın “Teknofest Azərbaycan 2022” festivalında, tələbələrin və əməkdaşların festival çərçivəsində keçirilmiş yarışmalarda iştirakı barədə məlumat verdi. Qeyd olundu ki, “Teknofest Azərbaycan 2022” festivalının “Planer” yarışmasında Milli Aviasiya Akademiyası tərəfdaş kimi iştirak etmişdir. “Planer” yarışmasında 19 komanda və 120-dən artıq iştirakçı olmuşdur. Yarışmanın sınaq uçuşları may ayının 15-də Bakıda, final uçuşları isə mayın 22-də Hacıqabulda keçirilmişdir. Tədbir iştirakçılarına “Planer” yarışmasının Hacıqabulda keçirilən final uçuşlarından qısa videoçarx nümayiş olundu. Münsiflər heyətinin qərarına əsasən 10 komanda finala vəsiqə qazanmış, onlardan 3 komanda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülmüşdür. Planer yarışmasında Azərbaycan Texniki Universitetindən 1, Bakı Ali Neft Məktəbindən 1, Azərbaycan Neft və Sənaye Universitetində 3, Xəzər Universitetindən 2, Milli Aviasiya Akademiyasından 12 komanda iştirak etmişdir. Bu komandalardan başqa MAA tərəfindən 2 komanda Pilotsuz uçuş aparatları, 2 komanda Cansat həvəskar peyk modelləşdirilməsi, 1 komanda Aqrar texnologiyalar, 1 komanda isə Yaşıl texnologiyalar (C kateqoriyası üzrə) müsabiqələrində iştirak etmişlər. Ümumilikdə Teknofestdə Milli Aviasiya Akademiyasından 18 komanda və 101 iştirakçı olmuşdur. Ədalət Səmədov qeyd etdi ki, Akademiyanın “Mokingjay” komandası iki yarışmanın – “Planer” və “Pilotsuz uçuş aparatları” yarışmalarının qalibi olaraq hər iki nominasiya üzrə 1-ci yerə, “SatELİT” komandası isə Cansat həvəskar peyk modelləşdirilməsi yarışmasında 2-ci yerə layiq görülmüşlər.

Tədbirdə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən MAA-nın 1-ci yerə layiq görülmüş “Mokingjay” komandasının təltif olunması videoçarxı nümayiş etdirildi. Daha sonra MAA-nın Teknofestdə iştirakı, 2-ci yerin qaliblərinin təltif olunması, hava şouları, MAA-nın sərgisinə həsr olunmuş videoçarxların nümayişi oldu.

Tədbirdə “Teknofest Azərbaycan 2022” festivalında qalib gəlmiş və iştirak etmiş komandaların üzvlərinə təşəkkürnamələr və mükafatlar təqdim edildi. Mükafatları Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, Təhsil nazirinin müavini Firudin Qurbanov, akademiklər Arif Həşimov və Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov təqdim etdilər.

Sonda Azərbaycanın Xalq artisti Cavan Zeynallının ifasında musiqi nömrələri dinlənildi və xatirə şəkilləri çəkildi. 

 

Foto Qalereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin