XƏBƏR VƏ ELANLAR

21 oktyabr 2022-ci il tarixində 2-ci Qarabağ müharibəsi iştirakçısı, Milli Aviasiya Akademiyasının məzunu, şəhid Fuad Valeryeviç Məmmədovun ikinci ildönümü mərasimi keçirildi.

21 oktyabr 2022-ci il tarixində 2-ci Qarabağ müharibəsi iştirakçısı, Milli Aviasiya Akademiyasının məzunu, şəhid Fuad Valeryeviç Məmmədovun  ikinci  ildönümü mərasimi keçirildi. Mərasimdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, Mülki Aviasiya Muzeyinin əməkdaşları iştirak etdi. Əvvəlcə şəhidin məzarı ziyarət olundu, qərənfillər qoyuldu, ruhuna dualar oxundu. Mərasimdə akademiyanın “Hava Nəqliyyatı” fakültəsinin müəllimi  Xalıq Hüseynov  çıxış edərək,  Fuadın tələbəlik illəri  ilə bağlı əziz xatirələrini mərasim iştirakçıları ilə bölüşdü,  akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr dilədi. Daha sonra  akademiyanın II kurs tələbəsi Fərizə Hacıyeva  şəhidin məzarı önündə şeir söylədi.

Fuad Məmmədov Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Xocavənd istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Fuad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə isə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 Allah rəhmət eləsin!

Foto Galereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin