XƏBƏR VƏ ELANLAR

5 noyabr 2022-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA-da) 8 Noyabr Zəfər gününə həsr olunan tədbir keçirildi.

5 noyabr 2022-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA-da)  8 Noyabr Zəfər gününə həsr olunan tədbir keçirildi. Tədbirdə akademiyanın Vətən müharibəsində şəhid olmuş məzunlarının ailələri, müharibə iştirakçıları və akademiyanın rəhbər heyəti, əməkdaşları, tələbələri iştirak etdi.

Öncə mərasim iştirakçıları tərəfindən  Ulu öndər Heydər Əliyevin büstünün və  akademiyanın şəhid məzunlarının xatirə lövhəsinin qarşısına dərin hörmət və ehtiramla  qərənfillər qoyuldu. Daha sonra  akademiyanın  tədris işləri üzrə prorektoru, t.e.d., professor Ədalət  Səmədov qonaqları  salamlayaraq, tədbiri açıq elan etdi. Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.        

Ə.Səmədov öz çıxışında 44 günlük Vətən müharibəsinin Ali baş komandanının qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, şəhidlərimizin qanı bahasına alındığını bildirərək, bu savaşın  Azərbaycan tarixində ədalətin təntənəsi kimi dəyərləndirdi. Tədbirin davamında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin  Qarabağ müharibəsi ilə bağlı çıxışlarını əks etdirən videoçarx nümayiş edildi.

Sonra akademiyanın nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyinin böyük elmi işçisi R.Əbiyeva “Dövlətçilik tariximizin Zəfər zirvəsi”adlı mövzuda çıxış etdi, eyni zamanda  muzeyin  şəhid ailələrindən, iştirakçı məzun və əməkdaşlardan toplanmış materiallardan “II Qarabağ müharibəsi” fondu yaradıldığını və bu materiallar əsasında hazırlanmış “Zəfərə qanadlananlar” kitabı haqqında ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.   

Akademiyanın  44 günlük Vətən müharibəsinin şəhid, iştirakçı məzun və əməkdaşlarına həsr olunmuş  videoçarx   iştirakçılara təqdim olundu.

Tədbirdə iştirak edən akademiyanın şəhid məzunu Vüsal Məmmədovun anası Mahirə Məmmədova və şəhid Fuad Məmmədovun anası Mətanət Məmmədova da çıxışlarında  onlara  göstərilən diqqət və qayğıya görə akademiyanın  rəhbərliyinə  minnətdarlıqlarını bildirdilər.

Tədbirə dəvət edilmiş akademiyanın Vətən müharibəsində iştirak etmiş məzunları  A.Məmmədov, F.Əliyev, Ə.Zeynallı və digərləri tədbir iştirakçılarına döyüş əməliyyatları ilə bağlı  xatirələrini danışaraq, Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu bildirdilər. Tədbirin yekununda akademiyanın tələbələri vətənpərvərlik ruhunda şeirlərlə çıxış etdilər.

Foto Galereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin