Milli Aviasiya Akademiyası ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında xidmətlərin satın alınmasına dair 6 aylıq müqavilənin ilkin nəticələri açıqlanıb. 10.05.2024-cü ildə imzalanmış müqaviləyə əsasən ADY kitabxanasının yenidən qurulması Milli Aviasiya Akademiyasının kitabxanasına həvalə edilmişdi. 20 il fəaliyyət göstərməyən kitabxananın yenidən qurulması üçün yekun layihə planı hazırlanıb. ADY-nin kitabxanasında elektron resursların inkişafı, dövriyyə siyasəti, sənədlərin idarə edilməsi, avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin (AKİS) qurulması, maddi-texniki bazasının gücləndirilməsi təhlil edilərək müvafiq qərarlar qəbul edilib. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kitabxana fondunda məzmunca əhəmiyyətini itirmiş və köhnəlmiş ədəbiyyat əksəriyyət təşkil edirdi. Zədələnmiş, fiziki cəhətdən yararsız hala düşmüş və məzmunca aktuallığını itirmiş nəşrlərin kitabxana fondundan çıxarılması, illər öncə ənənəvi üsulla işlənmiş kitabların günün tələbinə uyğun şəkildə texniki və elmi cəhətdən yenidən işlənilməsi, paralel olaraq inventarlaşdırma işinin həyata keçirilməsi prosesi tam təmin olunub. Hazırda “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin kitabxanası öz oxucularına müasir standartlara uyğun xidmət göstərir.