XƏBƏR VƏ ELANLAR

8-10 fevral tarixlərində Milli Aviasiya Akademiyasında Fevral məruzələri-2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı IX beynəlxalq elmi-praktiki gənclər konfransı çərçivəsində Logistika və nəqliyyat texnologiyaları istiqaməti üzrə kompleks tədbirlər keçirilmişdir.

8-10 fevral tarixlərində Milli Aviasiya Akademiyasında keçirilən Azərbaycanda Gənclər Gününə və Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace 1”in orbitə buraxılmasına həsr olunan “Fevral məruzələri-2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” IX beynəlxalq elmi-praktik gənclər konfransı MAA-nın kitabxanasında davam etmişdir.

Konfransın ikinci günü MAA-nın kitabxanasında BalaAğa Kərimov, Elman Nəcəfov, İndira Asilbekova, Alparslan İmamqulunun həmmüəllifliyi ilə hazırlanmış “Beynəlxalq nəqliyyat dəhlizləri və logistik mərkəzlər” kitabının təqdimatı keçirilmişdir. Təqdimatın əvvəlində ADNSU və Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, logistika sahəsində tanınmış mütəxəssis A.İmamqulu açılış nitqi ilə iştirakçıları salamlamışdır. A.İmamqulu Milli Aviasiya Akademiyası ilə Qazaxıstan Mülki Aviasiya Akademiyası arasındakı dostluq əlaqələri haqqında geniş məlumat vermiş, kitabın gənc tədqiqatçılar üçün əhəmiyyətini xüsusi vurğulamışdır.

Daha sonra MAA-nın “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı h.f.d., dosent Nazim Nağıyev nəqliyyatda daşımaların və idarəetmənin təşkili, texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi, logistik zəncirlərin və nəqliyyat dəhlizlərinin idarə olunması, eləcə də bir sıra digər məsələlər haqqında nitq söyləmişdir.

Həmçinin təqdimatda MAA-nın “Avianəqliyyat istehsalatı” kafedrasının dosenti B.Kərimov kitabın ərsəyə gəlməsi barədə geniş məlumat vermiş, video slayd nümayiş etdirilmişdir.

MAA-nın kitabxanasının müdiri Günel Şıxəliyeva kitabxananın fondu, abunə olduğu dünyaca məşhur məlumat bazaları, həmin bazalardan istifadə üsulları haqqında təqdimat iştirakçılarına geniş informasiyalar vermişdir.

Təqdimat zamanı Şirvan Xeyriyyə Cəmiyyətinin sədri Adəm İsmayıl Bakuvi “Nəqliyyatda logistik problemlər” bölməsində Azərbaycan və Türkiyə ali təhsil müəssisələrinin doktorantları və magistrantlarının məruzələri arasında “Nəqliyyat dəhlizləri mövzusunda ən yaxşı məruzə” nominantının qalibi, MAA-nın 1-ci kursunun magistrantı Aytac Mustafayevaya və kitabın hazırlanmasında aktiv iştirak edən MAA-nın 2-ci kursunun magistrantı Dana Sosunovaya qiymətli hədiyyələr təqdim etmişdir. Daha sonra A.Mustafayeva “Beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasının nəzəri aspektləri” mövzusunda çıxış etmişdir.

Kitab təqdimatında MAA-nın professor-müəllim heyəti, Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarından, komitələrindən və şirkətlərindən dəvət olunmuş şəxslər, logistika üzrə mütəxəssis hazırlayan ali təhsil müəssisələrinin nümayəndələri, bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin rəhbər şəxsləri, doktorant və magistrantlar iştirak etmişdilər.

Təqdimatın sonunda tədbir iştirakçılarına müəlliflər tərəfindən kitab hədiyyə olunmuş və onlarla xatirə şəkilləri çəkilmişdir.

Foto Qalereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin