XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasında N.E. Jukovski adına Milli Aerokosmik Universitet – Xarkov Aviasiya İnstitutunun nümayəndələri ilə görüş keçirilib

03 aprel 2025-ci il tarixində Milli Aviasiya Akademiyasında (MAA) Ukraynanın N.E. Jukovski adına Milli Aerokosmik Universitet – Xarkov Aviasiya İnstitutunun (XAİ) nümayəndə heyəti ilə rəsmi görüş keçirilib. Tədbirin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan MAA-nın birinci prorektoru, texnika elmləri doktoru, professor Ədalət Səmədov qonaqlara akademiyanın formalaşma tarixi, hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat təqdim edib. Ardınca, XAİ-nin Elmi və pedaqoji işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, iqtisad elmləri namizədi Mikayıl Qarayev çıxış edərək görüşün məqsədi və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Tərəflər arasında aparılan müzakirələr zamanı birgə təhsil proqramlarının təşkili, təhsilalanlar və professor-müəllim heyətinin akademik mobilliyi, ortaq elmi-tədqiqat layihələrinin hazırlanması və digər sahələrdə elmi əməkdaşlığın inkişafı məsələləri diqqət mərkəzində olub. Həmçinin, XAİ-nin Təyyarə mühəndisliyi fakültəsinin dekanı, texnika elmləri namizədi Dmytriy Kritskiy müasir texnologiyalar, pilotsuz uçuş aparatlarının hazırlanması və yeni ixtisas proqramlarının tətbiqi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə ətraflı təqdimatla çıxış edib.

Görüş çərçivəsində Mikayıl Qarayev XAİ-nin rektorunun səlahiyyətlərini icra edən, hüquq elmləri doktoru Aleksey Litvinovun adından MAA-nın rektoru, akademik Arif Paşayevə xatirə hədiyyələrini təqdim edib. Daha sonra nümayəndə heyəti Akademiyanın Təlim Mərkəzi, tədris və problem laboratoriyaları, Texnoritm Mərkəzi və digər elmi və tədris infrastruktur obyektləri ilə tanış olublar.

Görüşün yekununda tərəflər arasında akademik əməkdaşlığın dərinləşdirilməsi və gələcək birgə təşəbbüslərin reallaşdırılması istiqamətində qarşılıqlı razılaşma əldə edilib.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin