XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasında “Pilotsuz Sistemlər: Süni İntellekt, Dizayn və Səmərəlilik” üzrə beynəlxalq simpozium keçirilib

22-24 may 2024-cü il tarixlərində Milli Aviasiya Akademiyasında (MAA) ”Pilotsuz Sistemlər: Süni İntellekt, Dizayn və Səmərəlilik” üzrə beynəlxalq simpozium (“International Symposium on Unmanned Systems: AI, Design and Efficiency” (ISUDEF’24)) keçirilib.

Simpozium Türkiyənin Eskişehir Texniki Universiteti, İstanbul Ticarət Universiteti və MAA-nın birgə təşkilatçılığı ilə keçirilib.

Simpoziumda səkkiz xarici ölkədən 60-dan çox nümayəndə iştirak edib və əsas natiqlərin çıxışları, plenar məruzələr, sənaye nümayəndələrinin məruzələri və iştirakçıların elmi məruzələrinin təqdimatları ilə davam edib.

Simpozium çərçivəsində MAA-nın rektoru, akademik Arif Paşayev və Türkiyənin Eskişehir Texniki Universitetinin rektoru, professor Adnan Özcan və İstanbul Ticarət Universitetinin rektoru, professor Abdulhamit Avşar arasında görüş baş tutub və qarşılıqlı əməkdaşlıq haqqında protokollar imzalanıb.

3 gün davam edən simpoziumda panel sessiyalarda müxtəlif ölkələrdən beynəlxalq tədqiqatçılar və ali təhsil müəssisələrinin alimləri, tədqiqatçıları, magistrant və doktorantlarınin iştirakı ilə pilotsuz sistemlər, avionika və radar sistemləri, süni intellekt sistemləri, robototexnika, mülki aviasiyada təhlükəsizlik sistemləri, GİS və xəritəçilik, naviqasiya sistemləri və digər istiqamətlər üzrə məruzələr dinlənilib.

Simpoziuma təqdim edilən məqalələrin nüfuzlu “Springer” nəşriyyatında, onların sırasından seçilmiş məqalələrin isə “Web of Science” və “Scopus” beynəlxalq xülasələndirilmə bazalarında dərc edilməsi nəzərdə tutulub.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin