Gəncədə “GreenTech II” startap və yaşıl texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə ölkənin 30 universitetindən 80 komanda 4 kateqoriya üzrə (Rəqəmsal ekologiya, Robototexnika, Yaşıl nəqliyyat texnologiyaları və Davamlı inkişaf üçün sosial innovasiyalar) mübarizə aparıb. Milli Aviasiya Akademiyası 7 komanda ilə təmsil olunub. Yaşıl nəqliyyat texnologiyaları kateqoriyası üzrə I yerin qalibləri Milli Aviasiya Akademiyasını “SmartX”komandası ilə təmsil edən Fərid Hüseynov, Əli Sadıxov, Pehman Bayramzadə, Aysel Səmədova olublar. Onlar “Tunellərdə işlənmiş qazların konsentrasiyasına nəzarət edən avtomatik sistemin işlənməsi” layihəsini təqdim ediblər. MAA-nı Davamlı inkişaf üçün sosial innovasiyalar kateqoriyası üzrə təmsil edən “DroneFleX” komandasının üzvləri mentor Qurban Həsənli və tələbələr Fərizə Hacıyeva, Xədicə Əlizadə və Fuad Mahmudlu II yerə layiq görülüblər. Onlar axtarış və xilasetmə əməliyyatları zamanı mobil radarların, dronların və robotların tətbiqi imkanları layihəsini təqdim ediblər. Qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, müsabiqə Azərbaycan Texnologiya Universiteti (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə keçirilib.