XƏBƏR VƏ ELANLAR

Mülki Aviasiya Muzeyində 2 İyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Aviasiya uşaqların gözü ilə” adlı məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib.

Mayın 31-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində 2 İyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə Xəzər rayonu 262 saylı tam orta məktəbin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Aviasiya uşaqların gözü ilə” adlı sərgi keçirilib.

Sərgidə aviasiya mövzusunda yağlı boya ilə kətan üzərində çəkilmiş rəsmlər və təyyarə maketləri nümayiş olunub.Tədbirdə MAA-nın İctimaiyyətlə əlaqə üzrə prorektoru, Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov çıxış edərək, Azərbaycanda mülki aviasiyanın inkişafında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi işlərdən danışıb. Qeyd olunub ki, Heydər Əliyev hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edəndə milli aviasiyanın inkişafına xüsusi önəm verirdi və hər il yüzlərlə gənci Rusiyanın müxtəlif şəhərlərində yerləşən aviasiya məktəblərinə təhsil almağa göndərirdi. Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin islahatları nəticəsində milli aviasiyamız dünya miqyasında layiqli yerini tutub. Milli kadrların fəaliyyəti nəticəsində Bakıdan dünyanın bir çox ölkəsinin paytaxtına müntəzəm reyslər həyata keçirilir.

Sonra şöhrət ordenli təyyarəçi Əzimbala Əzimov, Qarabağ müharibəsi veteranı, təyyarəçi Bayram Muxtarov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təsviri incəsənət və onun tədrisi texnologiyası” kafedrasının müəllimi, Rəssamlar İttifaqının üzvü, tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev, Xəzər rayonu 262 saylı tam orta məktəbin direktoru Kəmalə Babayeva, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova çıxış edərək milli aviasiyamızın inkişaf yolundan danışıb, uşaqların bacarıqlarının üzə çıxarılmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsində xidmətləri olan şəxslərin əməyini yüksək qiymətləndirib və məktəblilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olundu ki, məktəblilərin istedadının üzə çıxarılmasında sərgilərin böyük əhəmiyyəti var və belə sərgiləri mütəmadi olaraq keçirmək lazımdır. Aviasiya muzeyi ilə orta təhsil məktəblərinin qarşılıqlı əməkdaşlığı zəruridir və böyük mahiyyəti var.Sonra rəssam Səyyar Əliyev tərəfindən iştirakçılara Şuşanın simvolu Xarıbülbülün kətan üzərində çəkilməsi ilə bağlı ustad dərsi keçirildi. Məktəblilər Məlahət Əliyeva, Məryəm Əliqafarova və Zöhrab Quluzadənin çəkdiyi rəsmlər xüsusilə seçildi. Tədbirin yekununda iştirakçılara sərgidə fəal iştirak etdiklərinə görə sertifikatlar və məktəbin kitabxanasına muzeyin hazırladığı Azərbaycan mülki aviasiya tarixini əks etdirən çap məhsulları təqdim olundu.

Sonda sərgiyə baxış keçirildi.

 

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin