XƏBƏR VƏ ELANLAR

Milli Aviasiya Akademiyasında “Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 9-cu Beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.

Milli  Aviasiya Akademiyasında “Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 9-cu Beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.  Vətənpərvər ideologiya ilə yetişdirilən Müzəffər Azərbaycan gənci təkcə döyüş meydanında deyil, elmi yaradıcı fəaliyyətində də böyük qələbələrə imza atır. Gənclərin elmi biliklərinin artırılmasında, onların aviakosmik sahənin sirlərinə yiyələnməsində böyük rolu olan MAA ən müasir texnoloji-innovativ tələblərə uyğun olaraq inkişaf edir.

Akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikləri çatdırıldıqdan sonra çıxışçıların məruzələri dinlənilib. Filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz  Paşayeva Milli Aviasiya Akademiyasının tarixi bir yol keçdiyini, hazırda isə yüksəliş dövrünü yaşadığını qeyd edərək bildirib ki, beynəlxalq miqyasda nüfuz qazanan ali təhsil ocağı dünyanın ən reytinqli təhsil mərkəzləri ilə əməkdaşlıq edir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın aerokosmik sahədə uğurlarını, 74-cü Beynəlxalq Astronavtika Konqrensinə ev sahibliyi etməsini və MAA-nın konqrensin işində tərəfdaş kimi iştirakını vurğulayıb.

Akademiyanın 1-ci prorektoru, professor Ədalət Səmədov konfransın mahiyətinə toxunaraq, bu ilki “Fevral məruzələri”ndə aerokosmik sahə, mülki aviasiya, nəqliyyat-logistika, İKT, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə dair 150-dən çox məruzə təqdim edildiyini bildirib.

Digər çıxışçılar – Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, Baş Prokuror Kamran Əliyev konfransın fəaliyyətinə uğurlar arzulayıblar.

Konfransa Rusiya, Türkiyə, Almaniya, Fransa, Portuqaliya, Litva, Ukrayna, Belarus, Qazaxıstan və Azərbaycandan 30-dan çox elm və təhsil müəssisəsi, dövlət qurumları və aparıcı təşkilatlar qoşulub.

Foto Qalereya

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin