XƏBƏR VƏ ELANLAR

Oktyabrın 7-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Aviasiya Akademiyası tərəfindən “Füzulinin söz dünyası” mövzusunda açıq dərs keçirilib

Açıq dərsdə akademiyanın müəllimi pedaqoji elmlər üzrə fəlsəfə doktoru Səminə Abdullayeva dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığından söz açıb, onun əsərlərinin təkcə poetik xüsusiyyətlərindən deyil, fəlsəfi mahiyyətindən də danışıb.

S.Abdullayeva vurğulayıb ki, Füzulinin əsərləri təkcə Azərbaycan deyil, ümumilikdə Şərq ədəbiyyatında mühüm rol oynayır və şairin poetik irsi bu gün də aktuallığını qoruyub saxlayır. O, M.Füzulinin qəzəlləri və digər əsərləri üzərində dayanaraq onun sevgi, hikmət, ilahi məhəbbət mövzularına yanaşmasını geniş şəkildə təhlil edib.

Açıq dərsdə iştirak edən tələbələr və mütəxəssislər Füzulinin poetik dili, fəlsəfi düşüncəsi, onun klassik Şərq ədəbiyyatında yerini dərindən təhlil ediblər. Onlar Füzulinin dövrünün sosial-mədəni şəraitində bu mövzuların necə aktuallıq kəsb etdiyini vurğulayıblar.

Tələbələr şairin dili və üslubunu təhlil edərək onun mürəkkəb şeir quruluşuna, zəngin bədii obrazlarına və dərin fəlsəfi məzmununa toxunublar. Dərs çərçivəsində şairin məşhur qəzəlləri səsləndirilib və onların məzmunu izah edilib. Həmçinin Füzulinin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər və təsiri haqqında geniş fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları şairin yaradıcılığına həsr edilmiş videoçarxı da izləyiblər. Videoçarxda Ulu Öndər Heydər Əliyevin Məhəmməd Füzuli haqqında çıxışından kadrlar da yer alıb.

Yekun olaraq təşkilatçılar bu cür açıq dərslərin gənc nəsildə milli ədəbiyyatımız və mədəniyyətimizə olan marağı artırdığını və onları milli-mənəvi dəyərlərimizlə daha sıx bağladığını bildiriblər.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin