Mühəndis fizikası
050630 – Mühəndis fizikası Azərbaycanda ilk dəfə açılan yeni ixtisasdır. Burada tələbələrə fizikanın fundamental bilikləri ilə yanaşı, bu biliklərin müasir texnikada tətbiqinin öyrədilməsi nəzərdə tutulur.
Mühəndis fizikası ixtisasının tələbələri mənimsədikləri bilik və vərdişlərin nəticəsində praktiki məsələlərin həlli üçün riyazi metodların, nəzəri fiziki üsulların, fiziki və kimyəvi qanunların, hesablama texnikasının tətbiqini, konkret məmulat, cihaz və obyektlərin tərkibini, konstruktiv xüsusiyyətlərini, iş prinsipini, istehsal texnologiyasını, quraşdırılma şəraitinin seçilməsini bacaran yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.
050630 – Mühəndis fizikası ixtisası üzrə bakalavr hazırlığının əsas istiqamətlərini optika və lazer fizikası, fiziki elektronika, bərk cisim elektronikası, işıq texnikası, tətbiqi nüvə fizikası, materiallar fizikası və bir sıra digər sahələr təşkil edir.
050630 - Mühəndis fizikası ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir
Tələbələr eyni zamanda fundamental, tətbiqi və mühəndislik fənlərindən biliklər alacaqlar. Burada tələbələr istiqamətlərdən asılı olaraq ali riyaziyyat, fizika, kimya, bərk cisim, lazer və yarımkeçiricilər, nüvə və elementar hissəciklər fizikası, statistik fizika və termodinamika, mühəndis və kompüter qrafikası, idarəetmə nəzəriyyəsi, elektrotexnika və elektronika, proqramlaşdırılan məntiq kontrollerləri, materiallar müqaviməti, maşınlar nəzəriyyəsi, fiziki proseslərin modelləşdirilməsi ilə yanaşı
- optika, optoelektronika, optik materiallar və texnologiyalar, optik elektron cihazlar və sistemlər, lazer texnologiyaları, maddənin tədqiqinin, informasiya emalının optik üsulları, lidarlar;
- kristalloqrafiya, nazik təbəqələr və səth fizikası, bərk cisim elektronikası materiallarının texnologiyası, mikro və nanoelektronika, nanotexnologiyaların əsasları, kvant effektləri əsasında cihazlar;
- işıq texnikası, işıq mənbələri, fotoelektronika, tətbiqi optika, lifli optika, optik ölçmələr və materiallar texnologiyası, işıq mənbələrinin işıqlanma və energetik parametrləri, işıqsaçan diodlar və onların tədbiqi;
- nüvə reaktorlarının fizikası, ionlaşdırıcı şüalanmanın ölçmə üsulları və cihazları, ionlaşdırıcı şüalanmanın maddə ilə qarşılıqlı təsiri, dozimetriya və radiasiya təhlükəsizliyi, nüvə energetik qurğuları, nüvə energetik qurğularında istilik və kütlə mübadiləsi, idarəetmə və mühafizə sistemləri, nüvə texnikasının materialları və digər fənlər üzrə müasir biliklərə yiyələnəcəklər.
Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində yeni fiziki hadisələrin və qanunauyğunluqların aşkarlanması, tədqiqi və modelləşdirilməsi, onların əsasında tətbiqi və mühəndislik fizikası sahələrində müxtəlif məqsədlər üçün yeni texnologiyaların, avadanlıqların, cihaz və materialların yaradılması və tətbiqi ilə məşğul olacaqlar.
Məzunlar müxtəlif istehsalat və texniki istismar sahələrində, elmi-tədqiqat müəssisələrində fizik-texnoloq, mühəndis, fizik, mühəndis-sxemotexnik və s. kimi işləyə bilərlər.