Uçuş mühəndisliyi
050639 – Uçuş mühəndisliyi ixtisası mülki və dövlət aviasiyasında istismar edilən müxtəlif təyinatlı uçuş aparatlarının – müasir hava gəmilərinin, bütün kateqoriyalara aid edilən sərnişin, yük və xüsusi təyinatlı təyyarələrin uçuş istismarı üçün yüksək ixtisaslı mühəndis pilotların hazırlığını nəzərdə tutur.
İxtisasının təhsil proqramı Azərbaycanın Aviasiya Qaydalarının (AAQ) AAQ-FCL – Uçuş heyətinə şəhadətnamələrin verilməsi (FCL – Flight Crew Licensing) sənədi əsasında inteqrasiya olunmuş CPL(A) (CPL – Commercial Pilot License) Kommersiya pilotu (Təyyarə) və ATPL (A) (ATPL – Air Transport Pilot License) Hava nəqliyyatı pilotu (Təyyarə) kateqoriyalarının tələblərinə uyğun hazırlanmışdır.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050639 – Uçuş mühəndisliyi” ixtisasının normativ təhsil müddəti 4 il 6 ay, ingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə görə bu ixtisasa yiyələnmək istəyən şəxslərdən mükəmməl fundamental, mühəndis və İT bilikləri ilə yanaşı, İCAO-nun minimum 4-cü səviyyəsinə cavab verən ingilis dili bilikləri tələb olunur.
Milli Aviasiya Akademiyasında 050639 “Uçuş mühəndisliyi” ixtisasının proqramı tələbələrə ATPL (A) “Hava nəqliyyatı pilotu” (T) kateqoriyası ilə yanaşı, fundamental, İT və mühəndis bilikləri, eyni zamanda peşəkar ingilis dili biliklərinin də verilməsini təmin edir. Uçuş mühəndisliyi ixtisasının tələbələri aerodinamika, naviqasiya, meteorologiya, uçuş istismarı qaydaları, peşəkar ingilis dili, müasir təyyarə və helikopterlərin konstruksiyası, sistemləri, planer, muhərrik və guc qurğuları, avionika və pilotaj-naviqasiya avadanlıqları və bir sıra digər fənlərdən aldıqları biliklərin, eyni zamanda təhsil müddətində əldə etdikləri təcrübi bacarıq və vərdişlərin nəticəsində müasir hava gəmilərinin uçuş istismarı sahəsində yüksək kateqoriyalı mühəndis-pilotlar kimi formalaşırlar.
050639 – Uçuş mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir
- ali riyaziyyatın və fizikanın fundamental bilikləri;
- kimya, mexanika, elektrotexnika və elektronika;
- aviasiya materialları;
- meteorologiya;
- naviqasiyanın əsasları;
- aerodinamika və uçuş dinamikası;
- təyyarənin kоnstruksiyası və sistemləri;
- hidravlika, aviasiya mühərrikləri və güc qurğuları;
- uçuşun avtomatik idarəetmə sistemləri, radio və peyk naviqasiyası;
- hava gəmilərinin elektrik, radio və cihaz avadanlıqları;
- uçuş-texniki xarakteristikaları, istismar qaydaları, uçuşların planlaşdırılması və monitorinqi;
- kütlə və mərkəzləşmə;
- hava nəqliyyatının hərəkətinin idarə edilməsi, aerodromlar və digər fənlər.
- fundamental və ümumi mühəndis biliklər;
- helikopterin aerodinamikası və uçuş dinamikası;
- helikopterin kоnstruksiyası və sistemləri,
- helikopterin mühərrikləri və güc qurğuları;
- idarəetmə sistemi, elektrik, radio və cihaz avadanlıqları;
- helikopterin konstruksiyası və möhkəmliyi;
- uçuş-texniki xarakteristikaları, uçuşların planlaşdırılması və uçuş istismarı qaydaları;
- aerodromlar (heliodromlar) və digər fənlər.
İnteqrasiya olunmuş CPL(A)+ATPL(A) proqramı ən azı 195 saat uçuş təcrübəsini nəzərdə tutur.
Təyyarə pilotlarının ATP(A) kateqoriyası üzrə ilkin uçuş hazırlığı AAQ-FCL tələblərinə uyğun olaraq, müasir naviqasiya avadanlığı ilə təchiz edilmiş birmühərrikli (məsələn Cessna-172S) və ikimühərrikli təyyarələrdə (məsələn Diamond DA-42/NG), ən azı 195 uçuş saatı həcmində aparılır. Bunlardan 54 saat 30 dəqiqəsi simulyator uçuşlarıdır. CPL(A) şəhadətnaməsi almaqdan ötrü nəzərdə tutulan 195 uçuş saatı bu təlim uçuşlarını əhatə etməlidir: cihazlarla uçuşlar, sərbəst uçuşlar, çoxmühərrikli və çoxpilotlu təyyarədə uçuşlar və s.
Tələbə müəyyən səbəblərdən təlim prosesində geri qaldığı və ya verilən təlimləri mənimsəyə bilmədiyi halda, qaydalara uyğun olaraq əlavə təlim saatları keçirilə bilər.
Uçuş təlimlərində müvəffəqiyyətsizlik göstərən tələbə sərbəst uçuşlara buraxılmır və uçuş hazırlığından xaric edilir.
050639 – Uçuş mühəndisliyi ixtisasının Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində müasir hava gəmilərinin, müxtəlif təyinatlı təyyarələrin, pilotlu və pilotsuz uçuş aparatlarının uçuş və texniki istismarı, onların konstruksiyasında, funksional, energetik, idarəetmə sistemlərində, guc qurğuları və muhərriklərində yarana bilən mühəndis-texniki problemlərin həlli, həmçinin uçan aparatların layihələndirilməsi, istehsalı, istismarı və sınaqları ilə məşğul ola bilərlər.
Bu müasir mühəndis ixtisasını muvəffəqiyyətlə bitirmiş məzunlar aviasiya texnikası ilə yanaşı muxtəlif sahələrdə, o cumlədən nəqliyyat, energetika, ümumi və xüsusi təyinatlı uçan aparat, maşın və elektronika istehsalı, kommunikasiya, rabitə, elektron idarəetmə sistemlərinin istismarı ilə məşğul olan muəssisə və şirkətlərdə mühəndis-operator, mühəndis-mexanik, mühəndis-elektronçu və ya mühəndis-proqramçı kimi vəzifələrdə calışmaq imkanına malik olacaqlar.