FİZİKA-TEXNOLOGİYA FAKÜLTƏSİ

Mexatronika və robototexnika mühəndisliyi

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050629  –  Mexatronika və robototexnika mühəndisliyi ixtisası aerokosmik və  sənaye təyinatlı robotların və mexatron sistemlərin aviasiyada və  kosmik sənayedə, istehsalatda və nəqliyyatda, avtomatlaşdırılmış idarəetmədə və texnikanın bir sıra sahələrində istifadəsi üçün bu sistemlərin layihələndirilməsi, istehsalı, sınaqları və istismarı üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Milli Aviasiya Akademiyasında  bu ixtisas çərçivəsində  bakalavr  hazırlığının  əsasən iki  istiqamətdə  – “Aerokosmik mexatron və robototexniki sistemlər” və “Məsafədən idarə olunan robotlar” üzrə aparılması nəzərdə tutulur.

Mexatronika və robototexnika mühəndisliyi ixtisası tələbələrin yiyələndikləri  peşə  kompetensiyaları sayəsində  müasir  aviasiya,  kosmik  texnika,  pilotlu  və  pilotsuz  uçuş  aparatları, eyni zamanda tibb, enerji kompleksləri, hərbi sənaye, neft-qaz, neft-kimya, bu kimi və digər sahələr üçün mexatron və robototexniki qurğu və sistemlərin layihələndirilməsi, proqram təminatı, istehsalı, quraşdırılması və kalibrlənməsi  sahəsində yuksək ixtisaslı mutəxəssislər kimi formalaşmasını nəzərdə tutur.

050629  –  Mexatronika və robototexnika mühəndisliyi ixtisasının təhsil proqramı robototexniki və mexatron sistemlərin, sənaye və qeyri-sənaye təyinatlı robotların istehsalı və istismarı sahələrinin mütəxəssislərə olan müasir tələblərini əhatə edir. Proqramın hazırlanmasında  mexatronik və robototexniki sistemlərlə  məşğul olan aparıcı  elm və  təhsil  mərkəzlərinin, sənaye müəssisələrinin və şirkətlərin təcrübəsi və mütəxəssislərə olan tələbləri əsas götürülmüşdür.

Milli Aviasiya Akademiyasının 050629 – Mexatronika və robototexnika mühəndisliyi ixtisasının təhsil proqramında aerokosmik sahədə və mülki aviasiyada istifadə olunan mexatronik və robototexnik sistemlərə xüsusi yer verilir. Bu sistemlərin yaradılması və istifadəsi Azərbaycanın, eləcə də beynəlxalq təşkilatların tələblərinə uyğun tənzimlənir.

“Azərbaycan  Hava  Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050629 – Mexatronika və robototexnika mühəndisliyi ixtisasının  normativ  təhsil  müddəti  azərbaycan və  rus dili bölmələrinin  bakalavriat  səviyyəsi  tələbələri  üçün  4  il,  ingilis dili bölməsi üçün 5 il təşkil edir.

Milli Aviasiya Akademiyasında 050629 – Mexatronika və robototexnika mühəndisliyi ixtisası çərçivəsində tələbələrə kompüter sistemlərinin aparat və proqram təminatı, İT, kompüter əsaslı modelləşdirmə, sistemlərin avtomatlaşdırılmış layihələndirilməsi və s. istiqamətləri üzrə mühəndis  biliklərinin verilməsi nəzərdə tutulmuşdur.

050629 - Mexatronika və robototexnika mühəndisliyi ixtisasının əsas fənləri

1) “Məsafədən idarəoluna robotlar” istiqaməti  üzrə  təhsil  alan  tələbələr  ali  riyaziyyat,  fizika, mexatronika və robototexnikanın əsasları, nəzəri mexanika, proqramlaşdırmanın əsasları, maşın və mexanizmlər nəzəriyyəsi, verilənlərin strukturu və alqoritmlər, verilənlər bazası sistemləri, mexatronika və robototexnika sistemlərin layihələndirilməsi, elektronika, robotların  idarə edilməsi, dinamik sistemlərin modelləşdirilməsi və simulyasiyası, avtomatik idarəetmə nəzəriyyəsi, sensorlar və aktuatorlar və  s. kimi ixtisasın peşə hazırlığı fənləri üzrə və eyni zamanda:  1)Elektrotexnika mühəndisliyi; 2)Robototexniki sistemlərin struktur sintezi; 3)Mikroprosessorlar və mikrosxemotexnika; 4)Elektrik maşınları və elektrik intiqalları; 5)Sənaye robotları; 6)Texniki görmə sistemləri; 7)Mobil robotlar və digər bu kimi peşə hazırlığı fənləri üzrə müasir biliklərə yiyələnəcəklər.

2) “Aerokosmik mexatron və robototexniki sistemlər” istiqaməti  üzrə  təhsil  alan  tələbələr  ixtisasın peşə hazırlığı fənləri üzrə və eyni zamanda – Proqramlaşdırılan mikrokontrollerlər; – Mexatron sistemlərin istehsal texnologiyası; – Məsafədən idarə olunan robotlar; – Adaptiv idarəetmə sistemləri; – İntellektual robotlar; – Aviasiya  robototexniki  sistemləri (UA-ların mexatron sistemləri); – Kompüter əsaslı layihələndirmə və modelləşdirmə; və s. bu kimi peşə hazırlığı fənləri üzrə müasir biliklərə yiyələnəcəklər.

Mexatronika və robototexnika mühəndisliyi ixtisasının  tələbələri  təhsil  aldıqları  müddətdə  Milli  Aviasiya Akademiyasında,  “Azərbaycan Hava Yolları” QSC-nin,  Silk  Way Holding  şirkətinin  və  Azərkosmos  ASC-nin  struktur  bölmələrində,  aviaşirkətlərdə,  bir sıra nazirlik, müxtəlif təyinatlı idarə, müəssisə  və təşkilatlarda təcrübə toplamaq imkanlarına malik olacaqlar.

Mexatronika və robototexnika mühəndisliyi ixtisası mexanikanın, elektronikanın və kompüter texnologiyalarının güclü inteqrasiyası, aerokosmik sahədə, sənayedə, nəqliyyatda və s. tətbiq olunan idarəetmə sistemlərinin modernləşməsi, ağıllı cihazların və robotların istifadəsi ilə yaranan və inkişafda olan müasir mühəndislik ixtisasıdır. Mexatronika və robototexnika mühəndisliyi müxtəlif şəraitlərə uyğunlaşa bilən sistemlərin yaradılması və inkişafını təmin edən mühəndislik sahəsidir. Sadə dildə desək, mexatronika və robototexnika mexaniki güc əldə etmək üçün motor sistemləri, yaranan gücü ötürmək üçün mexaniki sistem, dəyişiklikləri qeydə almaq üçün sensorlar, sistemə nəzarət etmək üçün mikroelektronika və bütün sistemi idarə etmək üçün kompüter proqramından ibarətdir.

Bu ixtisasın məzunları robototexniki və mexatron sistemlərin geniş tətbiq olunduğu sahələrdə – aerokosmik, avtomatlaşdırılmış istehsalat, elektron sənaye, energetika, tibb texnikası və digər sahələrdə işləyə bilərlər.

Bu ixtisasın məzunlarının peşə fəaliyyəti sahəsinə həmçinin ətraf mühit, bioloji və texniki obyektlər haqqında məlumatların alınması, qeydiyyatı və emalı, obyektlərin texniki vəziyyətinə və parametrlərinə nəzarət üçün mexatron sistemlərin işlənməsi və tətbiqinə yönəlmiş tədqiqatları və texnologiyaları da aid etmək olar.

Milli Aviasiya Akademiyasında texniki ixtisasların, eyni zamanda Mexatronika və robototexnika mühəndisliyi ixtisasının tələbələrinin nəzəri və praktiki bilikləri mükəmməl mənimsəmələri üçün müasir cihazlarla, maketlər və  qurğularla təchiz edilmiş “Elektronika və elektrotexnika”, “Elektrik ölçmələri və avtomatika” və “Rəqəm texnikası və sxemotexnika” laboratoriyaları, “Tələbə yaradıcılıq evi”, əyani vəsaitlərlə və texniki vasitələrlə təchiz olunmuş ixtisaslaşmış siniflər yaradılmışdır. Müasir mexatronikanın əyani nümunəsi olan MAA-nın Pilotların Hazırlığı Mərkəzində (PHM) quraşdırılmış, Aerobus, Boinq, Embraer, ATR hava gəmilərinin ən müasir, hərəkətli simulyatorları praktiki biliklər əldə etmək üçün ən mükəmməl sistemlərdən hesab oluna bilərlər.

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz