Nəqliyyatda servis
050806 – Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisası müxtəlif nəqliyyat növlərində göstərilən servis üzrə mütəxəssis hazırlığını nəzərdə tutur. Bu ixtisas çərçivəsində bakalavr hazırlığı avtomobil, dəmir yolu, dəniz və çay, hava nəqliyyatı üzrə aparılır.
Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində optimal servis infrastrukturunun təmin edilməsi şərtləri, xidmətlər sferasında informasiya sistemləri və texnologiyalarının istifadəsi, turizmin nəqliyyat təminatı, nəqliyyatda hüquqi münasibətlər, sertifikatlaşdırma və keyfiyyətə nəzarət sistemləri, daşıma prosesinə uyğun nəqliyyat vasitələrinin seçilməsi prinsipləri, bazar şəraitində servisin optimallaşdırılması və texniki-normativ sənədlərin tərtib olunması sahəsində yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.
050806 - Nəqliyyatda servis (Hava nəqliyyatı üzrə) ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir
- nəqliyyat
- servis
- logistika sahəsinin qanunvericiliyi və normativ bazasının əsasları
- nəqliyyat coğrafiyası
- hava limanında perron xidmətləri
- nəqliyyat ekologiyası
- nəqliyyat vasitələrinin konstruksiyası
- yerüstü əməliyyatların idarə olunması
- servisologiya, sərnişinlərə yerüstü xidmət, turizmdə nəqliyyat xidmətləri
- gömrük işinin əsasları
- menecmentin əsasları
- hava limanında əməliyyatlar
- aviaşirkətin biznes fəaliyyətinin əsasları
- sərnişin və yük aviatarifləri
- hava gəmilərinin mərkəzləşdirilməsi
- multimodal daşımalar
- nəqliyyatda servisin əsasları, nəqliyyat logistikası, hava nəqliyyatında servis işlərinin təşkili
- nəqliyyatda sığorta
- ekspedisiya işlərinin təşkili, təhlükəsizlik, hava limanlarının idarə olunması
- beynəlxalq hava nəqliyyatında tənzimləmə
- servis və turizmdə təxsisetmə sistemləri və digər fənlər üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və digər beynəlxalq təşkilatların standartlarına uyğun müasir biliklər
Yuxarıda qeyd olunan ixtisas fənlərinin proqramları IATA-nın təlim proqramlarına uyğunlaşdırılmışdır. Fənlər yüksək ixtisaslı və beynəlxalq sertifikatlı mütəxəssislər tərəfindən tədris olunur. Yüksək akademik göstəricilər əldə edən tələbələr Milli Aviasiya Akademiyasının nəzdindəki IATA institutunda ixtisasyönümlü beynəlxalq səviyyəli kurslar keçib, sertifikat almaq imkanı qazanırlar.
Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində iqtisadiyyatın bütün sahələrində və xüsusilə nəqliyyatda servis ixtisası üzrə layihə, istehsalat-texnoloji və təşkilati-inzibatçılıq peşə fəaliyyətləri istiqamətlərində məşğul olacaqlar.
Bu perspektivli profilə malik ixtisası müvəffəqiyyətlə bitirmiş məzunlar mülki aviasiya və yerüstü xidmət şirkətləri ilə yanaşı, müxtəlif təyinatlı sahələrdə, o cümlədən nəqliyyat-ekspedisiya, logistika, sığorta, turizm xidmətləri təklif edən müəssisə və şirkətlərdə kredit mütəxəssisi, sığorta mütəxəssisi, turizm və satış üzrə agent, müştəri xidmətləri mütəxəssisi, supervayzer, sərnişinlərə xidmət üzrə agent, perron üzrə dispetçer, hava gəmiləri üzrə agent, keyfiyyətə nəzarət mütəxəssisi, anbar üzrə dispetçer və müəyyən təcrübə yığdıqdan sonra gələcəkdə servis və ya satış şöbəsinin rəhbəri kimi yüksək reytinqli vəzifələrdə calışmaq imkanına malik olacaqlar.