Milli Aviasiya Akademiyasının 8 hektarlıq sahəsində yerləşən Tələbə Şəhərciyi Akademiya kampusunun ən gözəl məkanlarındandır. 2014-cü ildən inşasına başlanılmış Şəhərcikdə tələbələrin yaşayışı, rahat şəkildə tədrisdə iştirakı, dərslərə hazırlaşmaları, istirahətləri, keyfiyyətli qidalanmaları, asudə vaxtlarını səmərəli keçirmələri, müxtəlif idman növləri və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaları üçün bütün şərait yaradılmışdır. Eyni zamanda Şəhərcik tələbələrin vaxtlarını təhsilə, elmi araşdırmalara, təcrübəyə, müxtəlif layihələrə, praktik bacarıqlara, eləcə də idmana, musiqiyə, bədii qiraətə sərf etməsi üçün əvəzsiz məkandır.
Tələbə Şəhərciyində 4 ulduzlu otel tipli 4 yataqxana korpusu inşa edilərək tələbələrin istifadəsinə verilmişdir. Bu binalardan ikisi (1-ci və 2-ci korpus) hər biri 33 otaqlı və 66 nəfərlik olmaqla 2 mərtəbəli; digər ikisi isə (3-cü və 4-cü korpus) 37 otaqlı, biri 105, digəri isə 98 nəfərlik olmaqla 3 mərtəbəli müasir binalardır. 1-ci yataqxana korpusu tələbə qızlar, digər üç korpus isə oğlanlar üçün nəzərdə tutulmuşdur. Ümumilikdə 335 nəfər tələbə kontingenti üçün inşa edilmiş binalarda müasir tələblərə cavab verən rahat və gözəl şərait yaradılmışdır. Belə ki, hər mərtəbənin foyesində TV, istirahət və qiraət otaqları, mətbəx, camaşırxana tələbələrin ixtiyarına verilmiş, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi, yüksək sürətli internet şəbəkəsi ilə, üçmərtəbəli yataqxana binaları isə həm də liftlə təmin olunmuşdur. Mərkəzi istilik sistemi ilə təchiz edilmiş yataqxana binalarının bütün mərtəbələrində və otaqlarda yanğın əleyhinə avadanlıqlar quraşdırılmışdır.
Tələbə Şəhərciyində sahəsi 7920m2 olan 1600 yerlik tamaşaçı tutumuna və 9 cığırlı qaçış zolağına malik, ölçüləri 105m´68m olan peşəkar futbol meydançası, 2 mini stadion, voleybol və basketbol meydançaları, tennis kortu, həmçinin idmanla məşğul olanlar üçün bütün infrastruktur və hər bir şərait mövcuddur.
Şəhərciyin təyyarə anqarı üslubunda inşa edilmiş Tələbə Tədris Mərkəzi tələbələrin ən sevimli yerlərindəndir. Bu mərkəz müxtəlif tədbirlərin təşkili baxımından əvəzolunmaz məkandır. Konfrans, simpozium, bayram şənlikləri, konsert və sərgilərin keçirilməsi üçün 235 nəfərlik geniş, müasir və gözəl akt zalı, eləcə də seminarlar, dəyirmi masalar, rəsmi görüşlər və tədbirlərin keçirilməsi üçün orijinal seminar zalı mövcuddur. Bunlarla yanaşı, tədris mərkəzində tələbələr və qonaqlar üçün kofe-breyk otaqları, qarderoblar, bütün zəruri infrastruktur mövcuddur.
Sahəsi 5365m2 olan geniş və rahat Tələbə Parkında yaşıllıq, ağaclar, dekorativ bitkilər, üstü örtülü oturacaqlı besedkalar və fontan tələbələrin dincəlməsi üçün yaradılmışdır. Özünəməxsus üsluba malik «SkyClub» istirahət guşəsi və «Görüş» çay evi isə tələbələrin asudə vaxtlarını xoş və səmərəli keçirmələri, eləcə də kiçik dil kurslarının, debatların, bilik və intellekt yarışmalarının təşkili məqsədi ilə inşa edilmişdir.
Milli Aviasiya Akademiyasının, eləcə də Tələbə Şəhərciyinin bütün ərazisi müasir təhlükəsizlik sistemi ilə təchiz olunmuşdur və kameralar vasitəsilə müntəzəm nəzarətdə saxlanılır.
Sizləri Milli Aviasiya Akademiyasının Tələbə Şəhərciyində görməkdən məmnun olardıq!
Yataqxana – (+994 12) 525 98 08 (32-51; 32-52; 37-68)
İdman Sağlamlıq Kompleksi – (+994 12) 525 98 08 (21-67)