KİTABXANA

Kitabxana haqqında

Milli Aviasiya Akademiyasının kitabxanası 1996-cı ildə istifadəyə verilmişdir.

Ümumi sahəsi 562,7 m2 olan kitabxananın oxu zalında yerlərin sayı 120-yə çatdırılmışdır. Cari ildə kitabxanada oxucuların sayı 2337 nəfər olmuşdur.

Müasir tələblərə cavab verən akademiya kitabxanası öz fəaliyyətini “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun və kitabxana fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə qurmuşdur. Akademiyanın kitabxanasının fondu elmi-texniki, tədris-metodiki və sorğu ədəbiyyatları ilə komplektləşdirilmişdir.

Hazırda kitabxananın fondunda Azərbaycan, rus, ingilis dillərində 77 118 kitab oxucuların istifadəsindədir. 2015-ci ildə kitabxana 18 adda qəzetə və 36 adda jurnala abunə yazılmışdır. Oxuculara verilən ədəbiyyatın tematik-tipoloji hesabatı aparılır, fəal və qeyri-fəal istifadə edilən nəşrlər müəyyənləşdirilərək istifadəçilərin informasiya tələbatının ödənilməsinə yönəldilmiş sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fond ildən-ilə zənginləşdirilir.

Fondun siyahısına hava nəqliyyatının uçuş istismarı, hava nəqliyyatının texniki istismarı, elektronika, telekommunikasiya, radiotexnika, informasiya texnologiyaları və sistemləri, cihazqayırma, ekologiya, hidrometeorologiya, menecment, iqtisadiyyat, hüquqşünaslıq, naviqasiya, aviasiya texnikası, xüsusi avadanlıqları və cihazları, fizika, riyaziyyat, kimya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi, hava nəqliyyatının hərəkətinin idarə olunması, avianəqliyyat istehsalatı, humanitar fənlər, xarici dillər, və s. sahələr üzrə dərsliklər, dərs vəsaitləri, metodiki göstərişlər, normativ-texniki sənədlər, xəritə və atlaslar, bədii ədəbiyyat və digər sənədlər daxildir.

Kitabxanada Mi-8, Mi-171, Embraer-190, Cessna-172S, Boeing-727/757/767/787 Airbus-319/320/345, İl-76 tipli hava gəmilərinin uçuş istismarı üzrə təlimatlar, texniki xidmət üzrə dərsliklər, məlumat kitabçaları mövcuddur.

Ölkəmizdə aviasiya sahəsini tənzimləyən qanunvericilik aktları, əsasnamələr, meteoroloji təchizat, hava hərəkəti xidməti, təyyarələrin kommersiya istismarı, xüsusi nəqliyyat xidməti, hava limanlarında aerodrom xidməti, uçuşların radiotexniki və rabitə, elektrik-işıq-texniki təminatı, uçuş qaydaları üzrə müxtəlif təlimatlar, habelə ICAO (İnternational Civil Aviation Organisation) sənədlərinin və əsas materiallarının elektron versiyası saxlanılır.

Kitabxanada mütəmadi olaraq, respublika və beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif  bayramların, yubileylərin, peşə bayramlarının yüksək səviyyədə təşkili və qeyd olunması üçün əməli tədbirlər həyata keçirilir,  aviasiya sahəsində yenilikləri və elmi-texniki nailiyyətləri əhatə edən sərgilər, elmi-texniki konfranslar və elmi tədqiqatların müzakirələri təşkil olunur, yeni ədəbiyyat haqqında informasiyanın yayılması təmin edilir.

Burada müasir informasiya texnologiyalarının tətbiqi və kompüterləşdirilmiş kitabxana infrastrukturunun yaradılması təmin edilmiş, (Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti), DMAA (Dövlət Mülki Aviasiya Agentliyi), APHM (Aviasiya Personalının Hazırlığı Mərkəzi), SW (“Silk Way”) aviaşirkəti, dekanlıqlar, kafedralar, mətbəə ilə əlaqələr və onların resurslarından istifadə üzrə elektron kitabxanaların yaradılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Kitabxana tərəfindən dünyanın bir çox universitetlərinin kitabxanaları, respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin, dövlət qurumlarının tabeliyindəki kitabxanalar və ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri quraraq məlumat və informasiya mübadiləsi həyata keçirilməkdədir. 2014-cü ildən N. E. Bauman  adına  Moskva  Dövlət Texniki Universitetinin kitabxanasından 668 adda 2248 ədəd kitab alınmışdır.

Hal-hazırda Milli Aviasiya Akademiyasının kitabxanası Amerika  proqramı olan  Follet  Destiny – Library management system (Kitabxana idarəetmə sistemi)  adlı  elektron proqramla fəaliyyət göstərir. Milli Aviasiya Akademiyasında tətbiq edilən Destiny Library Manager müasir  Kitabxana – İdarəetmə Sisteminə qoyulan tələblərə tam cavab verən inteqrasiya olunmuş kitabxana sistemidir (Integrated Library System).

Milli Aviasiya Akademiyasının Kitabxanası öz işində Azərbaycan Respublikası Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununu, “Kitabxana işi haqqında” qanunu, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, MAA-ın əmr və sərəncamlarını rəhbər tutur. Sistem MARC21, ISO2709, UNICODE, Z3950 və digər standard və protokollar üzərində qurulub. Hal-hazırda Marc21 yazı formatı vasitəsilə elektron kataloqlaşdırma həyata keçirilir.

Kitabların biblioqrafik təsviri dövlət standartına uyğun olaraq aparılır. Universal Onluq Təsnifat, AACR – The Anglo – America Cataloging, Rules, RDA-Resource, Description and Access kimi biblioqrafik təsvir standartları vardır, kitabxana fondumuz Konqres kitabxanasının RDA təsnifatına əsasən təsnifatlaşdırılır. Burada əsas məqsəd axtarış imkanlarını genişləndirməkdən ibarətdir.

Kitabxananın məqsədi MAA-nın profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu zənginləşdirmək, rahat və səmərəli şəkildə avtomatlaşdırılmış kitabxana sistemindən istifadəni təmin etməkdir. Bu sistem ənənəvi kitabxana xidmətlərini güclü müasir idarəetmə mexanizmləri ilə inteqrasiya edərək böyük kataloqların avtomatlaşdırılması və idarəetmə imkanlarını genişləndirir. Bununla da kitabxanalar məlumatların aşkar edilməsində və çatdırılmasında yaranan çətinliklərin öhdəsindən asanlıqla gəlirlər. Kitabxananın elektron kataloqu 24/7 saatı oxucuya kitabxananın fondu ilə tanış olmağa, çoxaspektli axtarış vasitələri ilə ədəbiyyat axtarışını aparmağa və tapılmış ədəbiyyatı sifarış etməyə, ədəbiyyatın elektron nüsxəsi olduqda isə onu əldə etməyə imkan verir. Müvəffəqyyətlə quraşdırılmış sistemə aşağıdakı link vasitəsilə keçid edəbilərsiniz. 

Destiny Library Management System (Kitabxana İdarəetmə Sistemi) istifadə qaydası:

  • Sistemə giriş: Access Destiny  https://naa.follettdestiny.com
  • Qeydiyyat: Registration in Destiny
  • İstifadəçi adı və parol: User Name and Password

 

Follett Destiny axtarış üsulları:

  • Catalog Keyword, Title, Author, Subject, Series

 

Kitabxananın əməkdaşları:

– Şıxəliyeva Günel  Bəxtiyar qızı – kitabxana müdiri

– Hüseynova Fidan Yəhya qızı – kitabxanaçı

– Məqsəliyeva Gülçöhrə Əhməq qızı – kitabxanaçı