AEROKOSMİK FAKÜLTƏ

Ekologiya mühəndisliyi

050606 – Ekologiya mühəndisliyi ixtisası ətraf mühitin mühafizəsi istiqamətində müasir üsul, vasitə və metodlarla ekoloji vəziyyətin qiymətləndirilməsi, çirklənmə mənbələrinin müəyyən edilməsi və zərərsizləşdirilməsi, sənaye sahələrinin insan orqanizminə və ekoloji mühitə ziyanlı təsirinin təhlili, qlobal istiləşmənin səbəblərinin araşdırılması və proqnozlaşdırılması, ekoloji proseslərin riyazi modellər, fiziki müşahidələr və ölçmələr vasitəsilə ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050606 – Ekologiya mühəndisliyi ixtisası çərçivəsində bakalavr hazırlığı iki istiqamət üzrə aparılır:

  • ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması
  • ekoloji məsələlərin həllində müasir fiziki, riyazi və aerokosmik üsulların tətbiqi


050606 – Ekologiya mühəndisliyi ixtisasının təhsil proqramı ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə, aerokosmik və fiziki üsullarla ekoloji monitorinq, proseslərin riyazi modelləşdirilməsi, təhlili və proqnozlaşdırılması və bu kimi digər istiqamətlərdə çalışan mütəxəssislərə müasir tələbləri əhatə edir. Proqramın hazırlanmasında ekologiya, aerokosmik monitorinq, ekoloji kimya, təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi sahəsində aparıcı elm və tədris mərkəzlərinin, müxtəlif təyinatlı nazirliklərin, komitə və cəmiyyətlərin, muəssisə və şirkətlərin təcrübəsi və mütəxəssislərə olan tələbləri əsas götürülmüşdür.

050606 – Ekologiya mühəndisliyi ixtisasının normativ təhsil müddəti azərbaycan rus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il təşkil edir.

050606 - Ekologiya mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın, fizikanın və kimyanın fundamental bilikləri
  • hesablama və ədədi metodlar
  • riyazi statistikanın əsas elementləri, statistik təhlil
  • avtomatik lahiyələndirmə sistemləri
  • canlı orqanizmlərlə təbii mühit arasında qarşılıqlı əlaqə, yaşama mühiti və ekoloji amillər, qanunlar, prinsiplər və qaydalar
  • ətraf mühiti çirkləndirən əsas mənbələr, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi
  • ekoloji ekspertiza, audit və sertifikasiya məkanlarının müəyyənləşdirilməsi
  • antropogen amillərin ətraf mühitə təsirinin qiymətləndirilməsi
  • tullantısız istehsal və tullantıların təkrar emalı, sənaye tullantılarının xüsusiyyəti, təsiri və təmizləyici qurğuları
  • meliorasiya və rekultivasiya işləri, iqlim dəyişmələri və qlobal istiləşmə prosesləri
  • ekoloji proseslərin riyazi modelləşdirilməsi, proqramlarla iş texnologiyası
  • ali geodeziya və fotoqrammetriyanın, məsafədən zondlamanın fiziki əsasları və digər fənlər üzrə müasir biliklər

  • ali riyaziyyatın, fizikanın və kimyanın fundamental bilikləri
  • hesablama və ədədi metodlar
  • proqramlaşdırma
  • Yer səthində ölçmələr və fotoqrammetriya
  • təbii obyektlərin spektral xarakteristikaları və parlaqlıq təsnifatı
  • su obyektlərinin spektral əksetmə əyriləri
  • bitki örtüyünün radiasiya xüsusiyyətləri
  • coğrafi informasiya sistemləri (CİS)
  • Yerin məsafədən zondlanmasının üsul və sistemləri
  • Yerin süni peyklərinin orbital parametrləri və hərəkət nəzəriyyəsi
  • radar texnikası, aerokosmik informasiya-telekommunikasiya sistemləri
  • rəqəmsal interfeys sistemləri, aerokosmik informasiyanın proqram modulları, kosmik təsvirlərin tanınması
  • radiolokasiya təsvirlərinin alınması, emal proseduraları və digər fənlər üzrə müasir biliklər

Ekologiya mühəndisliyi ixtisasının tələbələri təhsil aldıqları müddətdə Milli Aviasiya Akademiyasında, “Azərbaycan Hava Yolları” QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələrində, Milli Aerokosmik Agentliyində, Azərkosmos ASC-də, eləcə də müxtəlif təyinatlı idarə, müəssisə və təşkilatlarda təcrübə toplamaq imkanlarına malik olacaqlar.

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində ətraf mühitin qorunması, ekoloji problemlərin həllində müasir üsulların tətbiqi və istifadəsi, su təmizləyici şəbəkələrdə effektiv təhlil və emal texnologiyaları, torpaqların bərpası, statistik məlumatlar əsasında ekoloji və təbii proseslərin riyazi modellərinin qurulması, müxtəlif ekoloji və mühafizə tədbirlərinin həyata keçirilməsində GİS texnologiyalarının tətbiqi, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında ekoloji və aerokosmik üsulların işlənməsi, tullantıların təkrar emal və utilizasiya sistemlərinin qurulması, ekoloji ekspertiza qanunlarına əsasən layihələndirmə, aerokosmik və ekoloji monitorinqlərin aparılması, yerüstü və peyk təsvirlərinin toplanması və emalı, eləcə də bir sıra digər məsələlərlə məşğul olacaqlar.

Bu geniş mühəndis profilinə malik ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar muxtəlif təyinatlı sahələrdə, o cumlədən ekologiya və ətraf mühitin mühafizəsi, nəqliyyatın idarə olunması, energetika və bərpa olunan enerji sistemlərinin qurulması və istismarı, neft-qaz və kimya sənayesi, tullantıların idarə olunması və istehsalı, kənd təsərrüfatı, əkinçilik, torpaqların mühafizəsi, eləcə də fövqəladə halların proqnozlaşdırılması və idarə olunması, aerokosmik tədqiqatlar, kosmik təsvirlərin emalı ilə məşğul olan qurumlarda, xalq təsərrüfatının müxtəlif təyinatlı muəssisələrində, bir sıra nazirlik, komitə, cəmiyyət və şirkətlərdə yuksək reytinqli mühəndislik vəzifə və peşələrində çalışmaq imkanına malik olacaqlar.

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz