HAVA NƏQLİYYATI FAKÜLTƏSİ

Hidrometeorologiya

050507 – Hidrometeorologiya ixtisası atmosferdə baş verən fiziki proseslərin, meteoroloji və hidroloji amillərin, okean-atmosfer əlaqələrinin hidrometeoroloji rejimlərinin və iqlim xüsusiyyətlərinin qarşılıqlı təsiri, təhlili, proqnozlaşdırılması, iqlimşünaslığın müxtəlif aspektlərinin mənimsənilməsi, iqlim dəyişmələrinə təsir edən amillərin öyrənilməsi istiqamətində mütəxəssis hazırlığını nəzərdə tutur. Hidrometeorologiyanın əsas tətbiq sahələrindən biri olan Aviasiya meteorologiyası, meteoroloji element və hadisələrin, atmosferin fiziki xüsusiyyətlərinin hava gəmilərinin uçuş və texniki istismarına göstərdiyi təsirləri, təhlükəli hidrometeoroloji hadisələr və onların proqnozunu tərtib edən mütəxəssislərin nəzəri-praktiki hazırlığını təmin edir.

Hidrometeorologiya ixtisasının tələbələri tədris prosesi zamanı mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində aerodromlarda və müxtəlif təyinatlı hidrometeoroloji məntəqələrdə meteoroloji element və atmosfer hadisələri üzərində müşahidələrin aparılmasını, müşahidə məlumatlarının emalını, kompüter proqramları vasitəsilə arxivləşdirilməsini, müasir meteoroloji arxiv məlumatları əsasında iqlim sorğu məlumatlarının hazırlanmasını, meteoroloji parametrlərin məkan-zaman dəyişkənliklərinin təhlilini, meteoroloji element və hadisələrin aviasiya texnikasına və uçuşlara təsirini, təhlükəli hidrometeoroloji hadisələrin aviasiya nəqliyyatına, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinə mənfi təsirlərini, meteoroloji element və hadisələrin müasir ədədi, sinoptik və statistik üsullarla proqnozunu və aviasiya hava proqnozlarının verifikasiyasını müstəqil təhlil etməyi bacaran yüksək ixtisaslı mutəxəssislər kimi formalaşırlar.

050507 – Hidrometeorologiya ixtisasının təhsil proqramı meteorologiya və iqlimşünaslıq sahəsində mütəxəssislərin hazırlığı üçün zəruri olan müasir ixtisas tələblərini tam əhatə edir. Proqramın hazırlanmasında meteorologiya və iqlimşünaslıq, aviasiya meteorologiyası ilə məşğul olan istehsalat, aparıcı elm və təhsil mərkəzlərinin mütəxəssislərə olan tələbləri əsas götürülmüşdür.

Eyni zamanda 050507 – Hidrometeorologiya ixtisasının təhsil proqramı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), Aviasiyanın Meteoroloji Təminatı üzrə Azərbaycanın Aviasiya Qaydalarının (AMT AAQ) və Avropada Uçuşların Təhlükəsizliyi Agentliyinin (EASA) meteoroloji təminatla bağlı müvafiq tələblərinə uyğun hazırlanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050507 – Hidrometeorologiya ixtisasının normativ təhsil müddəti azərbaycan dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il təşkil edir.

Milli Aviasiya Akademiyasında 050507 – Hidrometeorologiya ixtisasının proqramında tələbələrə mükəmməl fundamental, nəzəri, praktiki innovativ texnoloji biliklərlə yanaşı, peşəkar ingilis və rus dili biliklərinin də verilməsi, tədrisi nəzərdə tutulmuşdur.

050507 - Hidrometeorologiya ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • sinoptik meteorologiya
  • iqtisadi hidrometeorologiyanın əsasları
  • fiziki meteorologiya
  • hidrologiya, iqlimşünaslığın əsasları
  • təhlükəli hidrometeoroloji hadisələr
  • aviasiya meteorologiyası, helikopter uçuşlarının meteoroloji təminatı
  • aviasiya hava proqnozları, qısamüddətli hava proqnozları
  • yuxarı eşelonlarda aviasiya uçuşlarının meteoroloji şəraiti
  • tətbiqi hidrometeorologiya
  • peyk və radiolokasiya hidrometeorologiyası və digər fənlər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • sinoptik meteorologiya
  • iqtisadi hidrometeorologiyanın əsasları, fiziki meteorologiya
  • hidrologiya, iqlimşünaslığın əsasları
  • təhlükəli hidrometeoroloji hadisələr
  • peyk və radiolokasiya hidrometeorologiyası
  • iqlim məlumatlarının statistik işlənilməsi, iqlim tərəddüdləri və dəyişmələri
  • Yer kürəsinin iqlimi, hava proqnozunun riyazi modelləşdirilməsi
  • bioiqlimşünaslıq, mikroiqlimşünaslıq
  • iqlimin coğrafi və yüksəklik xüsusiyyətləri və digər fənlər

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunların yiyələndikləri peşə kompetensiyaları sayəsində gələcəkdə yüksək ixtisaslı kadrlar kimi yetişməsi üçün, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzi və meteoroloji təminat şöbələri ən müasir istehsalat şəraiti ilə təmin edilmişdir. Tələbələrin ixtisas üzrə biliklərə yiyələnməsi üçün Aviasiya Meteoroloji Mərkəzinin aparıcı mütəxəssislərinin təcrübəsindən geniş istifadə olunur. Aviasiya meteoroloji təminat şöbələrində istehsalat təcrübəsi zamanı tələbələrin aerosinoptik xəritələrin təhlili, uçuş marşrutları boyunca meteoroloji şəraiti düzgün qiymətləndirmələri, uçuş sənədlərinin hazırlanması, uçuş heyətinin zəruri meteoroloji məlumatlarla uçuşqabağı mərhələdə təlimatlandırılması, aviasiya hava proqnozlarının tərtib edilməsi, proqnozların verifikasiyası, peyk və meteoroloji radar müşahidələri, onların məlumatlarının analizi, təsvirlərin deşifrə edilməsi, müasir avtomatik meteoroloji müşahidə sistemlərindən istifadə və bir çox  bu kimi mənimsədikləri biliklər onların gələcəkdə zəruri əmək vərdişlərinin qazanması baxımından çox əhəmiyyətlidir.

Bu geniş profilə malik ixtisası muvəffəqiyyətlə bitirmiş məzunlar müxtəlif təyinatlı sahələrdə, o cumlədən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Meteoroloji Mərkəzinin stansiyalarında, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin müxtəlif profilli şöbələri və hidrometeoroloji stansiyalarında, Su Ehtiyatları Dövlət Agentliyində, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində,  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində, Azərbaycan Müdafiə Nazirliyinin bütün hərbi aerodromlarında və bir sıra digər müəssisə və təşkilatlarda işləyə bilərlər.

 

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz