AEROKOSMİK FAKÜLTƏ

İnformasiya texnologiyaları

050616 – İnformasiya texnologiyaları ixtisası hesablama texnikası vasitələrindən istifadə etməklə təşkilatı strukturda informasiyanın yığılması, alınması, toplanması, qorunması, emalı və ötürülməsi funksiyalarını realizə edən əməliyyatların yığımıdır.

İnformasiya texnologiyalarının məqsədi istifadəçinin tələblərinə müvafiq olaraq informasiya resurslarının keyfiyyətcə formalaşdırılması və istifadəsidir. İnformasiya texnologiyalarının vasitələri kimi riyazi, proqram, informasiya, texniki və digər vasitələr hesab olunurlar. Hal hazırda praktiki olaraq bütün təşkilatlar  informasiya xidmətinə, böyük həcmli informasiyanın emalına ehtiyac duyurlar. Dünya gündən günə daha texnoloji olduqca informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərə tələbat artır.

İnformasiya texnologiyalarının formalaşdırılması və təkmilləşdirilməsi cəmiyyətdə əsas faktorlardan biridir. İT-nin yayılması insanların həyatını dəyişdirir, işi asanlaşdırır, daha çox sərbəst vaxta imkan verir, iqtisadi, mədəni, təhsil və digər sferaların inkişafına təkan verir.

İnformasiya texnologiyaları üzrə mühəndis ixtisası bütün dünyada ən çox tələb olunan ixtisaslardan biridir. Bu ixtisas üzrə təhsil alan tələbələr proqramlaşdırma, informasiya sistemlərinin layihələndirilməsi, təhlükəsizlik sistemlərinin elementləri, verilənlər bazası və əməliyyat sistemləri, şəbəkələrin qurulması və proqramlaşdırılması və s. kimi fənlərə yiyələnirlər. HTML/XHML, Java, С/С++, Python, HTTP, Javascript, CSS, PHP, FTP kimi proqramlaşdırma dilləri və texnologiyalarını öyrənirlər.

050616 İnformasiya texnologiyaları ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • Müxtəlif növ kompüter qurğuları və şəbəkə texnologiyarı daxil olmaqla informasiya texnologiyalarının (İT) əsasları təqdim olunur. Bu kurs tələbələrin İT mühitində uğurlu mütəxəssis olmaları üçün lazım olan alətlər və tətbiqlərə geniş bir giriş təqdim edir. Tələbələr insan-kompüter qarşılıqlı fəaliyyətinin əsas məlumat texnologiyalarını, məlumatların idarə edilməsini, proqramlaşdırma, şəbəkələşməni, veb sistemləri və texnologiyalarını, habelə məlumat təminatı və təhlükəsizliyini araşdıracaqlar.

  • Kompüterdə problemin həlli mərhələləri və üsulları; alqoritmlərin qurulmasının ümumi prinsipləri; proqramlaşdırma sistemi anlayışı; proqramın strukturu; verilənlərin tipləri, operatorlar və əməliyyatlar, idarəetmə strukturları, massivlər, sətirlər, göstəricilər, fayllar, alt proqramlar yaratmağı və istifadə etməyi öyrədir.

  • Müasir proqramlaşdırma dilləri, onların inkişafı, üstün və çatışmayan cəhətləri; C++, Python proqramlaşdırma dilləri, proqramların tərtib edilməsi, modullu proqramlaşdırma; verilənlərin təsviri, tiplərin elan edilməsi, proqramın strukturu, operator və əmrləri; internet üçün tətbiqi proqramların işlənib hazırlanması və tətbiqi;  obyekt yönümlü proqramlaşdırma modeli, siniflər və obyektlər anlayışı, xassələri və metodlarını öyrədir

  • Verilənlərin modelləşdrilməsi; normallaşdırma; relyasiya modeli; verilənlər bazasının qurulması; sorğu dili; sadə və mürəkkəb sorğular; konseptual modelləşdirmə, İyerarxik, şəbəkə və relyasiya modelləri, verilənlər bazası ilə əlaqəni yaratmağı öyrədir.

  • Bu kurs müasir əməliyyat sistemlərinin qurulmasının əsas prinsiplərini, Windows, Unix, Linux, Mac OS və mobil əməliyyat sistemlərinin arxitekturasını, əməliyyat sistemlərinin əsas funksiyalarını, utilitlər, antivirus paketlər, müasir kompüter şəbəkələrinin qurulmasında istifadə olunan müxtəlif şəbəkə protokolları, aparat və proqram vasitələri, eləcə də istifadəçi proqramları ilə kompüterin qurğuları arasında rahat və səmərəli interfeys haqqında məlumatları tələbələrə aşılayır.

  • İnformasiya təhlükəsizliyi və əsas xassələri; informasiya resurslarına təhlükə və təhdidlər; informasiyanın sızmasının kanalları; kriptosistemlər; şifrələmə üsulları; steqanoqrafiya; informasiyanın gizlədilməsi üsulları; şəbəkə təhlükəsizliyi; təhlükəsizlik hücumları; rəqəm imza texnologiyası; kompüter və informasiyanın kiberhücumlardan qorunması və icazəsiz istifadəsinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərindən istifadə etməyi öyrədir.

İnformasiya texnologiyaları ixtisası üzrə ali məktəbi bitirmiş məzunlar maşınqayırma, neft emalı və kimya sənayesində, atom  energetikasında, cihazqayırmada, telekommunikasiya, nəqliyyat sistemlərində və s., həmçinin bank və kommersiya təşkilatlarında işləyə bilərlər. Bu sahədə işləyən mütəxəssislər informasiya texnologiyaları və sistemlərinin tədqiqi, işlənilməsi, tətbiqi və müşayəti ilə məşğul olurlar. Onların peşə fəaliyyətinin obyektləri bunlardır: informasiya prosesləri, texnologiyalar, sistemlər və şəbəkələr, onların imstrumental təminatı, layihələndirmənin üsul və metodları, insan fəaliyyətinin müxtəlif sahələrində informasiya texnologiyaları və sistemlərinin istehsalı və istismarıdır. Onların əsas məqsədi-məzunların işlədikləri sahədə informasiya texnologiyalarından maksimal istifadəni təmin etməkdir.

Foto Qalereya

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz