HAVA NƏQLİYYATI FAKÜLTƏSİ

Hava Nəqliyyatının hərəkətinin təşkili

050613 – Hava Nəqliyyatının hərəkətinin təşkili ixtisası hava nəqliyyatının (təyyarələrin, helikopterlərin, planer və dronların) hərəkətinin təşkili, idarə edilməsi və uçuşların aeronaviqasiya məlumatları ilə təmin edilməsi uzrə mütəxəssis hazırlığını nəzərdə tutur. Bu ixtisas çərçivəsində bakalavr hazırlığı 2 istiqamətdə – hava nəqliyyatının hərəkətinin idarəedilməsi və aeronaviqasiya məlumatlarının menecmenti üzrə aparılır.

İxtisas üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr mənimsədikləri biliklərin, bacarıqların və vərdişlərin köməyi ilə hava nəqliyyatının hərəkətinin idarə edilməsi, təhlükəsizliyinin təmin edilməsi, uçuşların yerinə yetirilməsi və idarə olunması üçün vacib olan aeronaviqasiya məlumatlarının hazırlanması və uçuşların bu məlumatlar ilə təmin edilməsi üçün yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar.

050613 – Hava Nəqliyyatının hərəkətinin təşkili ixtisasının təhsil proqramı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO Doc.10056 və ICAO Doc. 7192 Part E-3), Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyinin (EASA EU-340/2015), Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyinin (AAR-PEL-006-ATC-Licensing-2018)  tələblərinə uyğun hazırlanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050613 – Hava nəqliyyatının hərəkətinin təşkili ixtisasının normativ təhsil müddəti Azərbaycanrus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il, ingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir.

050613 - Hava Nəqliyyatının hərəkətinin təşkili ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • hesablama və ədədi metodlar
  • aviasiya qanunvericiliyi
  • uçuş qaydaları, hava nəqliyyatı hərəkətinin idarə edilməsi nəzəriyyəsi
  • radiofrazeologiya və radiomübadilənin aparılması qaydaları
  • peşəyönümlü ingilis dili
  • aviasiya meteorologiyası, naviqasiya, uçuş sxemləri
  • hava gəmilərinin uçuş-texniki xarakteristikaları, uçuşların idarə edilməsinin avadanlıqları və sistemləri
  • dispetçer xidmətinin simulyatorları
  • aerodromlar
  • peşəkar mühit, qeyri-normal və qəza halları, insan amili və digər fənlər

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri
  • aviasiya qanunvericiliyi
  • uçuş qaydaları, hava nəqliyyatı hərəkətinin idarəedilməsinin əsasları
  • peşəyönümlü ingilis dili
  • aviasiya meteorologiyası, naviqasiya, uçuş sxemləri
  • hava gəmilərinin uçuş-texniki xarakteristikaları, avadanlıqlar və sistemlər
  • aerodromlar, aeronaviqasiya məlumatlar bazası
  • idarəetmə texnologiyaları, koordinasiya üsulları
  • məlumat məntəqələri və aeronaviqasiya xəritələrinin tərtibatının əsasları
  • xəritələrin, dinamik və statik aeronaviqasiya məlumatlar bazasının işlənməsi və yayımlanması və digər fənlər üzrə müasir biliklərə və praktiki bacarıqlar

Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində müasir hava nəqliyyatı hərəkətinin təşkili və idarəedilməsi, aeronaviqasiya məlumatlarının menecmenti sahələrində çalışacaqlar və müvafiq istiqamət üzrə magistratura təhsilini davam etdirə biləcəklər.

Hava Nəqliyyatının hərəkətinin təşkili ixtisasını müvəffəqiyyətlə bitirmiş məzunlar öz ixtisaslarından başqa muxtəlif təyinatlı sahələrdə, o cumlədən uçuşların təşkili, planlaşdırılması və istehsalı; hava nəqliyyatının hərəkətinin təhlükəsizlik və keyfiyyət sistemi; nəqliyyat loqistikası, nəqliyyat menecmenti; müvafiq ixtisasartırma kurslarından və lisenziyalaşdırma prosesindən sonra kosmik aparatların uçuşunun idarə edilməsi; müvafiq təhsil və elm sferaları üzrə peşə təlimi, peşə təhsili, elmi tədqiqat; ümumi və xüsusi təyinatlı aviasiya sahəsində uyğun peşə fəaliyyətlərini özündə cəmləyən sferalarda yüksək reytinqli vəzifə və peşələrdə çalışmaq imkanına malik olacaqlar.

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz