TEXNİKA ELMLƏRİ

3325.02 – Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları

İxtisasın formulu

“Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları” – radiorabitə, radionaviqasiya, radiolokasiya və televiziya vasitələrində, həmçinin biologiyada, təbabətdə, metrologiyada, sənaye texnologiyasında informasiyanın verilməsi, qəbulu, ayrılması və dağıdılması üçün radiodalğaları istifadə edən elm və texnika sahəsi olub, özündə tədqiqatları, işləmələri, müxtəlif məqsədli radiotexniki sistem və qurğuların layihələndirməsini və istismarını cəmləşdirir.

İxtisas onunla fərqlənir ki, radionaviqasiya, radiolokasiya, televiziya, multimedia və rabitə, radioidarə, radioelektron mübarizə sistemlərinin, həmçinin digər xüsusi məqsədli sistemlərin və onların xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üsullarının elmi, texniki və texnoloji tədqiqatlarını və işlə­mələrini özündə cəmləşdirir.

Tədqiqat sahələri

  1. Radiotexniki sistem və qurğuların effektivliyini qaldırmağa imkan verən yeni radiotexniki proses və təzahürlərin tədqiqi
  2. Müxtəlif diapazonlara mənsub radiodalğaların mühitlərdən keçməsinin, onların obyektlərdən səpələnməsinin və əks olunmasının tədqiqi
  3. Müxtəlif məqsədli radiotexniki sistem və qurğularda radiosiqnalların formalaş­dırılması, generasiyası, güclənməsi və çevrilməsi üçün qurğuların işlənməsi. Onların hesabat metodikalarının və layihələndirilmə əsaslarının yaradılması
  4. Maneələrin təsiri şəraitində radiosiqnalların işlənməsinin və radiosiqnaldan infor­masiyanın ayrılmasının üsul və alqoritmlərinin tədqiqi və işlənməsi. Maneəyəda­vamlı sistem və qurğuların yaradılması. Müxtəlif məqsədli radiosistemlərdə informasiyanın maneələrin köməyi ilə dağıdılması və müdafiəsi
  5. Obyektlərin fəzada yerinin təyininin dəqiqliyini artırmaq məqsədi ilə radionaviqa­siya radiotexniki qurğularının (o cümlədən kosmik) işlənməsi və tədqiqi, və belə qurğuların xalq təsərrüfatında geniş tətbiqi
  6. Təsir uzaqlığının, dəqiqliyin, ayırdetmə qabiliyyətinin, maneəyə davamlılığın və maneədən müdafiəliyin artırılması məqsədi ilə yeni radiolokasiya sistem və qurğularının işlənməsi və tədqiqi
  7. İnformasiyanın verilmə keyfiyyətinin və maneəyədavamlığın artırılması məqsədi ilə yeni televiziya sistem və qurğularının işlənməsi və tədqiqi
  8. Xüsusi məqsədli radiotexniki sistem və qurğuların (o cümlədən radioidarə, radiomo­nitorinq və radioelektronmübarizə üçün) işlənməsi və tədqiqi
  9. İnformasiyanın verilməsi üçün radiotexniki sistem və qurğuların (o cümlədən radiorele və telemetrik), onların buraxma və maneədən müdafiə qabiliyyətinin artırılması məqsədi ilə, işlənməsi və tədqiqi
  10. İnformasiyanın verilməsi, qəbulu, işlənməsi və əksetdirilməsi üçün radioelektron qurğuların işlənməsi. Radiotexniki sistem və qurğularda obyektlərin və təsvirlərin aşkarlanması və öyrənilməsi üçün neyron şəbəkələrindən istifadə etməklə perspektiv informasiya texnologiyalarının (o cümlədən rəqəmli) işlənməsi
  11. Sintez və analiz nəzəriyyəsinin, həmçinin radioelektron sistem və qurğuların modelləşdirmə üsullarının yaradılması
  12. Radiotexniki sistem və qurğuların layihələndirilməsinin, konstruksiyalan­masının, istehsalat və sınaq texnologiyasının elmi və texniki əsaslarının işlənməsi
  13. İstehsalatda, biologiyada, təbabətdə, metrologiyada və s. istifadə üçün radiotexniki qurğuların işlənməsi

Əlaqəli ixtisaslar

3325.01 – Telekommunikasiya texnologiyası

Elmi dərəcələrin verildiyi elm sahəsi

Texniki elmlər

*Doktorantura ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz