Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 2020-ci ilin 18 dekabr tarixində keçirdiyi “Aviasiya təhlükəsizliyi üzrə dördüncü illik qlobal simpozium”da 2021-ci il Aviasiya Təhlükəsizliyi Mədəniyyəti ili elan edilmişdir. Bu qərarın əsas məqsədi aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və pozitiv aviasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olmuşdur.
2021-ci il ərzində Azərbaycan Respublikası da daxil olmaqla, ICAO-ya üzv olan bütün dövlətlər tərəfindən dayanıqlı və səmərəli təhlükəsizlik mədəniyyətinin tətbiq və təşviq edilməsi üzrə müxtəlif tədbirlər görülmüşdür. Bu cür tədbirlərdən biri də 07 dekabr 2021-ci il tarixində “Aviasiya təhlükəsizliyi mədəniyyəti” mövzusunda Milli Aviasiya Akademiyasında keçirilmiş seminar olmuşdur. Seminar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin təşəbbüsü ilə təşkil olunmuş, “Azərbaycan Hava Yolları” QSC-nin, Milli Aviasiya Akademiyasının, müxtəlif aviasiya subyektlərinin və nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Seminarda mülki aviasiya sisteminin qanunsuz müdaxilə aktlarından qorunmasında aviasiya təhlükəsizliyi mədəniyyətinin rolu xüsusi vurğulanmışdır. Seminar iştirakçıları həmçinin COVID-19 pandemiyasının aviasiya təhlükəsizliyinin təmini sisteminə yarada biləcək mənfi təsirlər barədə də müzakirələr aparmışlar.
Azərbaycan Respublikasının mülki aviasiya sistemində aşağıdakı fəaliyyət istiqamətlərinə diqqətin artırılması seminarda nəticə kimi qəbul edilmişdir:
- mülki aviasiya sistemində çalışan bütün əməkdaşların düşüncə tərzi və fəaliyyətləri aviasiya təhlükəsizliyinin tələblərinə uyğun formalaşdırılmalıdır;
- mülki aviasiya sistemində aviasiya təhlükəsizliyinin mühüm rolunun vurğulanması üçün geniş maarfiləndirmə işləri aparılmalıdır;
- “Aviasiya təhlükəsizliyinin təmini hər bir şəxsin borcudur” şüarını əsas tutmaq və təşviq etməklə, səmərəli və dayanıqlı aviasiya təhlükəsizliyi mədəniyyəti formalaşdırılmalıdır.