XƏBƏR VƏ ELANLAR

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyi tərəfindən Azərbaycanın ilk  hərbi qadın təyyarəçisi  Züleyxa Seyidməmmədovaya həsr olunan “Züleyxa Seyidməmmədova” adlı kitabın təqdimat mərasimi keçirildi.

18 may 2023-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyi tərəfindən Azərbaycanın ilk  hərbi qadın təyyarəçisi  Züleyxa Seyidməmmədovaya həsr olunan “Züleyxa Seyidməmmədova” adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə təyyarəçinin ailə üzvləri, akademiyanın professor- müəllim və tələbə heyəti iştirak etdi. Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova tədbiri giriş sözü ilə açaraq, kitabın  Züleyxa Seyidməmmədovanın əziz xatirəsinə ithaf olunduğunu bildirdi  və çap məhsulunun muzeyin fond materialları, “Təyyarəçinin qeydləri” (Z.Seyidməmmədova, Bakı, 1969-cu il) adlı kitabın materialları əsasında hazırlandığını vurğuladı.Muzeyin direktoru çıxışının davamında kitabda Züleyxa Seyidməmmədovanın  ilk azərbaycanlı qızlardan biri kimi necə təyyarəçi olması, N.E.Jukovski adına Hərbi Hava Akademiyasında təhsil alması, Böyük Vətən Müharibəsi illərində qadın qırıcı alayındakı döyüş xidmətləri və s. haqqında məlumatların verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Və tədbirin keçirildiyi günün 18 May Beynəlxalq Muzeylər gününə təsadüf etdiyini bildirərək, bu münasibətlə həmkar yoldaşlarını  təbrik etdi.

Tədbirin davamında muzey və İctimai televiziyanın yaradıcı heyətinin  birgə əməkdaşlığı  ilə  hazırlanan Züleyxa Seyidməmmədovanın həyat yolunu əks etdirən sənədli film nümayiş etdirildi.Daha sonra təyyarəçinin oğlu Aydın Seyidməmmədov çıxış edərək, anası ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, kitabın ərsəyə gəlməyində əməyi keçən hər kəsə  öz təşəkkürünü bildirdi.

Akademiyanın “Dil və ictimai fənlər” kafedrasının müdiri, Xalq şairi Nəriman Həsənzadə öz çıxışında qadınlarımızın Azərbaycanın ictimai-siyasi həyatında əsas rol oynadığını, cəmiyyətimizin önəmli hərəkətverici qüvvəsi olduğunu vurğuladı.

Şöhrət ordenli təyyarəçi Əzimbala Əzimov da təyyarəçi ilə bağlı xatirələrini bölüşdü.

Daha sonra Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetinin  müxbiri Lalə Hüseynova Böyük Vətən müharibəsindəki faşizm üzərində qələbədə  təyyarəçinin və Vətənimizin digər övladlarının şəxsi nümunəsində verdiyi böyük töhfələrdən bəhs edərək, bu gün də sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımızın  Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirməsini, Azərbaycanın bir çox  fəxri ad,  orden və medallarına layiq görüldüyünü bildirdi.

Tədbirin yekununda iştirakçılara kitab hədiyyə olundu,  xatirə şəkilləri çəkildi.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin