HAVA NƏQLİYYATI FAKÜLTƏSİ

Uçuş mühəndisliyi

050639 – Uçuş mühəndisliyi ixtisası mülki və dövlət aviasiyasında istismar edilən müxtəlif təyinatlı uçuş aparatlarının – müasir hava gəmilərinin, bütün kateqoriyalara aid edilən sərnişin, yük və xüsusi təyinatlı təyyarə və helikopterlərin uçuş istismarı üçün yüksək ixtisaslı mühəndis pilotların hazırlığını nəzərdə tutur.

İxtisasının təhsil proqramı Azərbaycanın Aviasiya Qaydalarının (AAQ) və Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyinin (EASA – European Aviation Safety Agency) AAQ-FCL1/2 – Uçuş heyəti üzvlərinə lisenziyaların verilməsi  (FCL – Flight Crew Licensing) və EASA FCL1/2 sənədləri əsasında inteqrasiya olunmuş CPL(A/H) (CPL – Commersial Pilot License) Kommersiya pilotu (Təyyarə/Helikopter) və ATPL (A/H) (ATPL – Air Transport Pilot License) Hava nəqliyyatı pilotu (Təyyarə/Helikopter) kateqoriyalarının tələblərinə uyğun hazırlanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050639 – Uçuş mühəndisliyi” ixtisasının normativ təhsil müddəti azərbaycanrus dili bölmələrinin bakalavriat səviyyəsi tələbələri üçün 4 il 6 ay, ingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə görə bu ixtisasa yiyələnmək istəyən şəxslərdən mükəmməl fundamental, mühəndis və İT bilikləri ilə yanaşı, İCAO-nun minimum 4-cü səviyyəsinə cavab verən  ingilis dili bilikləri tələb olunur.

Milli Aviasiya Akademiyasında 050639 “Uçuş mühəndisliyi” ixtisasının proqramı tələbələrə ATPL (A/H) “Hava nəqliyyatı pilotu” (T/H) kateqoriyası ilə yanaşı, fundamental, İT və mühəndis bilikləri, eyni zamanda peşəkar ingilis dili biliklərinin də verilməsini təmin edir. Uçuş mühəndisliyi ixtisasının tələbələri aerodinamika, naviqasiya, meteorologiya, uçuş istismarı qaydaları, peşəkar ingilis dili, müasir təyyarə və helikopterlərin konstruksiyası, sistemləri, planer, muhərrik və guc qurğuları, avionika və pilotaj-naviqasiya avadanlıqları və bir sıra digər fənlərdən aldıqları biliklərin, eyni zamanda təhsil müddətində əldə etdikləri təcrübi bacarıq və vərdişlərin nəticəsində müasir hava gəmilərinin uçuş istismarı sahəsində yuksək kateqoriyalı mühəndis-pilotlar kimi formalaşırlar.

050639 – Uçuş mühəndisliyi ixtisası üzrə tələbələrə aşağıdakı biliklər verilir

  • ali riyaziyyatın və fizikanın fundamental bilikləri;
  • kimya, mexanika, elektrotexnika və elektronika;
  • aviasiya materialları;
  • meteorologiya;
  • aerodinamika və uçuş dinamikası;
  • təyyarənin kоnstruksiyası və sistemləri;
  • hidravlika, aviasiya mühərrikləri və güc qurğuları;
  • uçuşun avtomatik idarəetmə sistemləri, radio və peyk naviqasiyası;
  • hava gəmilərinin elektrik, radio və cihaz avadanlıqları;
  • uçuş-texniki xarakteristikaları, istismar qaydaları, uçuşların planlaşdırılması və monitorinqi;
  • hava nəqliyyatının hərəkətinin idarə edilməsi, aerodromlar və digər fənlər.

  • fundamental və ümumi mühəndis biliklər;
  • helikopterin aerodinamikası, uçuş dinamikası, kоnstruksiyası, sistemləri, mühərrikləri və güc qurğuları;
  • idarəetmə sistemi, elektrik, radio və cihaz avadanlıqları;
  • uçuş-texniki xarakteristikaları;
  • uçuşların planlaşdırılması;
  • uçuş istismarı qaydaları;
  • aerodromlar (heliodromlar) və digər fənlər.

İnteqrasiya olunmuş CPL(A/H)+ATPL(A/H) proqramı minimum 240 saat, ümumulukdə isə 275 saat və daha çox uçuş təcrübəsini nəzərdə tutur.

Təyyarə pilotlarının CPL(A) kateqoriyası üzrə ilkin uçuş hazırlığı AAQ FCL-1 (təyyarə pilotu) tələblərinə uyğun olaraq, müasir naviqasiya avadanlığı ilə təchiz edilmiş Cessna-172S təyyarələrində 185 uçuş saatı həcmində aparılır. ATPL(A/H) – hava nəqliyyatı pilotu kateqoriyasına keçid Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində Boeing B757/767, Airbus A319/320 və ya ATR 42/72 təyyarələrinin trenajorlarında 90 saat həcmində və 4-6 saat təyyarədə uçuş yerinə yetirməklə nəticələnir.

Helikopter pilotlarının uçuş hazırlığı AAQ FCL-2 (helikopter pilotu)  tələbləri əsasında Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində Mi-171 helikopterinin uçuşunu tam imitasiya edən simulyatorunda ATPL (H) kateqoriyasının tələblərini yerinə yetirməklə həyata keçirilir.

050639 – Uçuş mühəndisliyi ixtisasının Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində müasir hava gəmilərinin, müxtəlif təyinatlı təyyarə və helikopterlərin, pilotlu və pilotsuz uçuş aparatlarının uçuş və texniki istismarı, onların konstruksiyasında, funksional, energetik, idarəetmə sistemlərində, guc qurğuları və muhərriklərində yarana bilən mühəndis-texniki problemlərin həlli, həmçinin uçan aparatların layihələndirilməsi, istehsalı, istismarı və sınaqları ilə məşğul ola bilərlər.

Bu müasir mühəndis ixtisasını muvəffəqiyyətlə bitirmiş məzunlar aviasiya texnikası ilə yanaşı  muxtəlif sahələrdə, o cumlədən nəqliyyat, energetika, ümumi və xüsusi təyinatlı uçan aparat, maşın və elektronika istehsalı, kommunikasiya, rabitə, elektron idarəetmə sistemlərinin istismarı ilə məşğul olan muəssisə və şirkətlərdə mühəndis-operator, mühəndis-mexanik, mühəndis-elektronçu və ya mühəndis-proqramçı kimi vəzifələrdə calışmaq imkanına malik olacaqlar.

İxtisasın Təhsil Proqramı və Tədris Planı

*Bakalavriat ixtisaslarına qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz